
İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib.
Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib:
“Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir”.
İranlı diplomat daha sonra əlavə edib:
“İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”.
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib.
Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.