Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının katibliyi qurumun Cenevrə bölməsindəki bütün daimi nümayəndəliklərinə şifahi bildiriş göndərib.
Qeyd olunur ki, noyabrın 24-ü saat 10:00-da İran İslam Respublikasında insan haqları, xüsusən də qadınlar və uşaqlarla bağlı vəziyyətin pisləşməsi ilə bağlı İnsan Hüquqları Şurasının xüsusi iclası keçiriləcək.
İnsan Hüquqları Şurasının 5/1 saylı qətnaməsinə əlavənin 124-cü bəndinə uyğun olaraq, şuranın rəhbəri iclasın keçirilməsi və təşkili ilə bağlı xüsusi sessiyadan əvvəl, noyabrın 23-ü saat 15:00-da açıq məlumat xarakterli məsləhətləşmə keçirəcək.
Qeyd edək ki, bir neçə həftədir ki, İranda, xüsusilə azərbaycanlıların yaşadıqları vilayətlərdə rejimin apardığı sərt, antihumanist siyasətə qarşı etiraz aksiyaları səngimir. Molla rejiminə qarşı çıxanlar repressiv hökumət qüvvələri tərəfindən təqib olunur, həbs edilir, işgəncələrə məruz qalır, edam edilir, küçələrdə qətlə yetirilirlər. İran hökuməti xüsusilə azərbaycanlı qadın və uşaqlara, gənclərə qarşı amansızlığı ilə seçilir.
Bu xüsusda BMT İnsan Hüquqları Şurasının iclasında qəbul olunacaq qərarların İranda ağır durumda yaşayan, hüquqları pozulan çoxmilyonlu azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində hansı nəticələr doğuracağı ümidlə gözlənilir.