İranın “kotahonline.ir”, “khabarban.com”, “iraneconumist.com” və “kalaaghnews.ir” saytlarında “Xocalı soyqırımı tarixin ən dəhşətli faciəsidir” başlıqlı məqalə dərc olunub.
Materialda Xocalı soyqırımının ermənilər tərəfindən hazırlanması, həyata keçirilməsi və mahiyyəti barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu soyqırımı həyata keçirərək uşaqları, qoca və qadınları qətlə yetirib cəsədlərini təhqir etməklə ermənilər əsl mahiyyətlərini ortaya qoymuş oldular. Qeyd edilib ki, erməni silahlıları 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək görünməmiş qətliam törətdilər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilimiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.
Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı – Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunmuşdur.
Azərbaycan xalqı hər ilin fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımı törədənlərə öz dərin nifrətini bildirir. Xocalı soyqırmı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. (AZƏRTAC)