İranın Qarabağ planı alt-üst olub 

İranın Qarabağ siyasəti hər kəsə bəllidir. Rəsmi Tehran üzdə Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bəyan edir, real mənzərə isə onu göstərir ki, İran torpaqlarımızın işğal altında qalmasına maraqlı olub və bu niyyətini həyata keçirmək üçün Ermənistana mütəmadi olaraq yardım edib. 44 günlük İkinci Qarabağ savaşından sonra Ermənistanla yanaşı, İranın da planları suya düşüb.

 

Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi, Ordumuzun qazandığı tarixi Zəfəri qəbullana bilməyən İran rəsmiləri indi də “qırmızı xətt” ritorikasından istifadə edir, bununla Zəngəzur dəhlizi layihəsinin reallaşmasını əngəlləməyə çalışırlar. Göründüyü kimi, ikiüzlü siyasət yürüdən Tehran hakimiyyəti Qarabağın işğalı dövründə İslam abidələrini təhqir edən ermənilər böyük bir sevgi bəsləyir.

 

Əlbəttə, bu səbəbsiz deyil. Özünü İslam ölkəsi kimi qələmə verən İranın dinimizə düşmən kəsilən işğalçılara sevgi bəsləməsi ilk növbədə ondan xəbər verir ki, din pərdəsi altında gizlənən mollaların ermənilərdən heç bir fərqləri yoxdur. Necə ki, Qarabağın işğal altında qalmasına çalışırdılar, bu gün də eyni siyasəti davam etdirərək, regionda sülh və əmin-amanlığın olmamasına can atırlar.  

 

Bəs, İranın Azərbaycanı hədəf almasının səbəbləri nədir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İran Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri ona qarşı daim qərəzli münasibət bəsləyib, Azərbaycanı zəiflətmək üçün müxtəlif vasitələrə əl atıb. Eyni zamanda, İran tərəfi Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı siyasi, iqtisadi və mədəni baxımdan təzyiqlər göstərməyə cəhd edib.

 

Politoloqun sözlərinə görə, İran rəsmilərinin son vaxtlar Azərbaycanla bağlı səsləndirdiyi fikirlər absurddur:

 

“44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqla barışa bilməyən İran Ermənistandan istifadə etməklə Azərbaycanın daxili işlərinə qarışmağa çalışır. Ermənistan və Azərbaycan arasında olan bəzi məsələləri özünün “Qırmızı xətt”i kimi qələmə verməklə İran hökuməti Azərbaycanı guya işğalçı kimi göstərmək istəyir. Ancaq tarixdən də məlumdur ki, başqa ölkələrin ərazisini tutan, başqa ölkələrə qarşı iddialarla çıxış edən və onların daxili işlərinə qarışan məhz İran olub. İran hakimiyyəti 1980-1988-ci illərdə İraqla niyə müharibə aparırdı? Məqsəd İraq ərazilərini işğal etmək idi. Kərbəla və Nəcəf torpaqları hədəf seçilmişdi. Bundan sonra İranın hədəfində Kəbə var idi. İndiyə qədər İranın Bəhreynə ərazi iddiaları davam edir. İran bu gün hətta, Cənubi Qafqazın bütün ölkələrinə qarşı ərazi iddiasındadır. Bundan əlavə, İran hökuməti elə hesab edir ki, Cənubi Qafqaz ərazisi vaxtilə guya onlara məxsus olub. Əlbəttə, bütün bunlar absurd iddialardan ibarətdir və heç bir mənası yoxdur. İran Azərbaycanın Qələbəsini həzm edə bilmir və bunu açıq-aşkar göstərir. Ermənistan isə  regionda Fransanın, Amerikanın, Rusiya və İranın alətinə çevrilib. Əslində, bu, Ermənistan müstəqil olmadığı üçün ona sərf edir”.

 

S.Soltan vurğulayıb ki, bir sıra səbəblərə görə Azərbaycan torpaqlarının işğal altında qalması İran hökumətinə sərf edib və Tehran işğalın davam etməsinə çalışıb:

 

“Azərbaycan torpaqları işğal altında olanda dövlətimiz regionda aktiv rol oynaya bilmirdi. Çünki dövlət büdcəsi müdafiə sənayesinə, qaçqın və məcburi köçkünlərlə bağlı istiqamətlərə yönəldilirdi. Azərbaycan ərazisinin bir hissəsi işğal altında olduğu üçün iqtisadi potensialını artıra bilmirdi. Hətta müəyyən qıtlıqlar var idi. İran hakimiyyəti Azərbaycanı özünə güclü rəqib görür. Buna görə də, Azərbaycanın güclənməsini istəmir. İstəyir ki, Azərbyacan zəif qalsın. İran hələ ərazilər işğal altında olanda bu müddəti uzatmaq üçün Ermənistana, Qarabağdakı separatçılara dəstək verirdi. Hətta Ermənistanda qeydiyyatdan keçmiş 80-dən çox İranmənşəli şirkətlər Qarabağda talançılıq işləri ilə məşğul olub”.

 

Politoloq, eyni zamanda qeyd edib ki, İran Qarabağdan narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirmək məqsədilə istifadə edib:

 

“İran Azərbaycanın işğal altında olan torpaqlarını talan edib. İşğal altında qalan ərazilər İrandakı bəzi dairələr tərəfindən şəxsi məqsədlər üçün istifadə olunub. Torpaqlarımız işğaldan azad edildikdən sonra İran bu imkanlardan məhrum oldu. Azərbaycan uzun illər düşmən tapdağı altında qalan ərazilərini azad etməkdə tarixi qələbəyə imza atdı. Qarabağda zəfəri Azərbaycanın regionda güclənib söz sahibi olmasına gətirib çıxardı. İran bunu qəbul edə bilmir. Qarabağ torpaqları işğal altında olanda İran hökuməti həm də güneyli qardaşlarımıza məzəmmət edirdilər. “Azadlıq istəyirsinzsə, sonunuz Azərbaycan kimi olacaq, işğal altında qalacaqsınız” deyirdilər. Yaxud milli heysiyyata toxunaraq bildirirdilər ki, “siz necə millətsiniz, torpaqlarınız bir ovuc erməninin tapdağı altındadır”. Bu mənada torpaqlarımızın azad edilməsi həm də İran hökumətini güneyli qardaşlarımıza təzyiq etmə imkanından məhrum etdi”.

Mənbə

Share: