İraq hərbi qüvvələri İranın zərbələri nəticəsində heç bir itki vermədiyini açıqlayıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb.
“Yanvarın 8-də bir saat ərzində 22 raket zərbəsi endirilib. “Eyn əl-Əsəd” hərbi aviabazasına 17 raket zərbəsi endirilib ki, onlardan 2-si uğursuz olub. 5 raket zərbəsi isə Ərbildəki koalisiya qərargahına endirilib. Bu zərbələr nəticəsində İraq hərbi qüvvələri arasında itki qeydə alınmayıb”, – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, İran İslam İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazalarına ballistik raket zərbələri endirib. Pentaqon bu faktı təsdiqləyib.
Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində “hər şeyin qaydasında olduğunu” deyib.
İran mətbuatı bu zərbələrdən sonra 80 amerikalının öldüyünü bildirib.