Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub. Liderlər görüş zamanı Kürdüstan bölgəsi ilə Azərbaycan arasında ikitərəfli münasibətləri inkişaf etdirməyə, ticarət sahələrində tərəfdaşlıq əlaqələri qurmağa, həmçinin iki tərəf arasında rəsmi səfərlər təşkil etməyə hazır olduqlarını bildiriblər. Görüşdə Azərbaycanın Ərbil şəhərində Baş Konsulluğunun açılması ilə bağlı təklif irəli sürülüb.
Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan tərəfi Ərbildə Baş Konsulluq açmaqda maraqlıdır, eyni zamanda İraq Kürdüstanı Bakıda təmsilçilik ofisi təsis etmək niyyətindədir.
Münhen görüşündən sonra İraq Kürdüstanı mövzusu Azərbaycan cəmiyyətində kifayət qədər aktuallaşıb. Lakin sosial şəbəkələrdə gedən müzakirələrdən aydın olur ki, bir çoxları hələ də bu bölgə barədə dolğun məlumata malik deyil.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq İraq Kürdüstan Regionu ilə bağlı araşdırma aparıb.
Əvvəlcə bildirək ki, ABŞ-ın müdaxiləsi nəticəsində Səddam Hüseynin hakimiyyətdən uzaqlaşdırılmasından sonra 2005-ci ildə İraqda yeni konstitusiya formalaşdırıldı. Konstitusiyada ölkənin şimalında Kürdüstan Regional Hökuməti tərəfindən idarə olunan muxtar Kürdüstan bölgəsinin yaradılması nəzərdə tutulurdu.
Hazırda siyahıyaalma olmadığı üçün mərkəzi Ərbil şəhəri olan Kürdüstan bölgəsinin əhalisi və demoqrafik göstəriciləri məlum deyil, lakin müəyyən hesablamalar aparılıb. İraq hökuməti tarixən kürd azlığının sayını minimuma endirməyə çalışdığı, kürd qrupları isə rəqəmləri şişirtməyə meylli olduğu üçün bölgənin əhalisini müəyyən etmək çox çətindir. Mövcud məlumatlara əsasən, İraq Kürdüstanının əhalisi daha çox gənclərdən ibarətdir və əhalinin təxminən 36%-i 15 yaşdan kiçikdir.
Fotoda: Ərbil şəhəri
Əsas əhalinin çoxluğunu təşkil edən kürdlər, azlıqlar isə türkmənlər, aysorlar, ərəblər və ermənilərdir. Dininə görə kürdlər əsasən sünni müsəlmanlardır. Türkmənlərin isə əksəriyyəti şiədir. Yezidi kürdlər də var ki, bunlar əsasən Sincar və Dahuk bölgəsində yaşayır. Kürdlərin ən kompakt məskunlaşdığı yerlər Süleymaniyyə və Hələbçədir – təxminən 99 faiz.
Hesablamalara görə, bölgədə 8 milyondan çox kürd yaşayır, lakin İraq kürdlərinin bir hissəsi milli muxtariyyətdən kənarda, xüsusilə Bağdad və Mosul şəhərində yaşayır.
Zaho və Dahukda erməni icmaları var, kiçik erməni icması Ərbildə də mövcuddur. Son zamanlar Kürdüstan ermənilərinin Ermənistana miqrasiyası müşahidə olunur. Digər xristian icması isə aysorlardır. 1950-ci illərin əvvəllərinə qədər bölgədə yəhudilər də yaşayırdı. Onların demək olar ki, hamısı sonradan İsrailə köçüb.
Bölgədə kürd dilinin iki dialekti yayılıb və əhalinin əksəriyyəti indi hər iki ləhcəni başa düşür. Eyni zamanda ərəb dilindən geniş istifadə olunur. Milli azlıqların məskunlaşdığı ərazilərdəki məktəblərdə türkmən dilində və digər yerli dillərdə də tədris aparılır.
2013-cü ildən etibarən İraq daxilində məzhəblərarası gərginliyin artması və radikal İŞİD terrorçularının başlatdığı zorakılıq kampaniyasından sonra İraq Kürdüstan Regionunun başçısı Məsud Bərzani 2014-cü ilin sonunda müstəqillik referendumunu keçirməyi planlaşdırdığını açıqladı. Lakin İraq hökumətində rəhbərlik dəyişikliyindən sonra İraq Kürdüstanı ilə münasibətlər yaxşılaşdı. Hər iki tərəf İŞİD-ə qarşı birgə mübarizə apardı və müstəqillik planları təxirə salındı, ancaq 2017-ci ilə qədər…
Fotoda: Məsud Bərzani
Referendum 2017-ci ilin sentyabrında baş tutdu və böyük əksəriyyət müstəqilliyə səs verdi. Bağdad hökuməti referenduma sərt reaksiya nümayiş etdirdi və hakimiyyətini bərpa etmək üçün hərəkətə keçdi.
Neçirvan Bərzani 2017-ci ilin noyabrında Məsud Bərzaninin gedişindən sonra Kürd muxtariyyətində əsas siyasi fiqrua çevrildi. Məsud Bərzani mərkəzi İraq hökumətinin şiddətli reaksiyasına səbəb olan müstəqillik referendumu keçirdikdən sonra istefa verdi və hakimiyyətə onun qardaşı oğlu Neçirvan Bərzani gəldi. Neçirvan Bərzani regionda rəqabət aparan kürd partiyaları ilə daha isti münasibətlərə malikdir və mərkəzi İraq hökuməti ilə danışıqlara gedə bilir. Eyni zamanda qonşu Türkiyə daxil olmaqla Qərb dövlətləri ilə yaxşı münasibətlər qurub.
Qrafikdə: İraq Kürdüstan bölgəsinin neft ehtiyatları
Qeyd edək ki, İraq OPEK daxilində Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük xam neft istehsalçısıdır. Ölkə Yaxın Şərqdəki sübut edilmiş neft ehtiyatlarının 17%-ni və qlobal ehtiyatların 8%-ni təşkil edir. 145 milyard barellə dünyanın beşinci ən böyük sübut edilmiş xam neft ehtiyatlarına malikdir. Kürdüstan bölgəsində də çoxlu sayda neft və qaz yataqları var. Kürdüstan İraqın ümumi neft ehtiyatlarının təxminən üçdə birinə malikdir, neftin böyük hissəsi vaxtilə İŞİD qalası olmuş Kərkük şəhəri yaxınlığında qumların altında yerləşir. 2019-cu ildə regionun neft hasilatı gündəlik 468 min barel olub. Kürdüstan Bölgəsinin neft yataqları 2021-ci ilin dördüncü rübündə xalis 37 milyon bareldən çox neft hasil edib. Bir bareli orta hesabla 68,43 dollar qiymətinə satılıb.
Akif İsmayılov