Türkiyənin təhlükəsizlik qüvvələri Adanada İŞİD terror təşkilatına qoşulmaq üçün Suriya ərazisinə keçməyi planlaşdıran fransalı qadını şübhəli şəxs qismində saxlayıblar.
AZƏRTAC xəbər verir ki, ilkin araşdırma nəticəsində 21 yaşlı Anissa Laaroussinin fransız, alman, ingilis və ispan dillərini bildiyi müəyyənləşib. Qadının mobil telefonunda onun hicablı şəkilləri aşkarlanıb. Onun sosial şəbəkələr vasitəsilə terror qruplaşmasına qatılmaq istəyini təsdiqləyən paylaşımlar da müəyyən edilib. Şübhəli A.Laaroussi Türkiyə Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil verilib. Onun Türkiyədən deportasiya olunacağı gözlənilir.
Türkiyə tərəfi saxladığı və əksəriyyəti İŞİD təşkilatının üzvü olan terrorçuları onların vətəndaşı olduqları ölkələrə deportasiya edir. Belə bir vəziyyətdə İŞİD sıralarına daxil olmaq üçün yeni cəhdlərin üzə çıxması maraqlı bir mənzərə yaradır. Belə ki, bu terror qruplaşmasının tam məhv edildiyi barədə deyilənlər həqiqəti əks etdirmir.