Hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağa (ə.f) zühur edən zaman cəddi İmam Hüseynin (ə) intiqamını alacaqdır.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) şəhadətinə mələklər nalə çəkəcək və deyəcəklər: “Allahım! Hüseynlə (ə) – Sənin seçdiyin ilə, Peyğəmbərin (s) övladı ilə belə rəftar etdilər””.
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Həzrət Qaimin (ə.f) kölgəsini onlara zahir edəcək və buyuracaqdır: “Onun vasitəsilə (Hüseynin) qanının intiqamını zalımlardan alacağıq”.
Əhli-Beyt (ə) haqqında mərsiyə demək – dini tərbiyədə mühüm olan amillərdəndir. Mərsiyə deyənlər tarix boyu mövcud olmuş və dinin inkişaf etməsində böyük rola malik olmuşdur.
Mərsiyə demək Həzrət Peyğəmbərin (s) zamanından başlamışdır. Ondan sonra isə İmam Baqirin (ə) və İmam Sadiqin (ə) dövründə mərsiyə şeirləri deyən məddahların sayı xeyli artmışdır.
İmamlar (ə) məddahları bu işə təşviq edir və özləri də həmin məclislərdə iştirak edərək, İmam Hüseyn (ə) üçün göz yaşı tökərlərmiş. Ailə üzvləri də pərdə arxasında bu mərsiyələrə qulaq asıb, əza saxlayardılar.
Ancaq hər bir şeyin ədəb qaydaları olduğu kimi, mərsiyənin də ədəb qaydaları vardır. Bəziləri belə düşünür ki, mərsiyə deyənlər nə deyirsə, hamısı həqiqətdir. Yəni, hər kəs istədiyi kimi mərsiyə şeiri qoşub, onu oxuya bilər.
Məhz bu əqidəyə görə Kərbəla hadisəsi ilə bağlı çox sayda xurafatlar meydana gəlmişdir. Bu qaydalarda biri budur ki, mərsiyə deyən rövzəxan gərək həqiqətlərə əsaslanaraq bu müsibəti zikr etsin. Özündən yalan xəbərlər verməsin və onu Kərbəla hadisəsinə nisbət verməsin.
Aşura hadisəsinin mərsiyələri 3 dəstəyə bölünür:
1. Bu dövr Müaviyyənin (lən) öldüyü və Yezidin (lən) xəlifə seçilməsi dövrüdür. Hamıdan beyət istəməsi dövrüdür, o cümlədən İmam Hüseyndən (ə).
2. Aşura günü edilən qətllərdir.
3. Qətldən sonra baş verənlər.
Əbu Məxnəf, İmam Sadiqin (ə) səhabələrindən olmuşdur və ilk kəs olmuşdur ki, Aşura hadisəsində iştirak edənlərin tərəfindən nəql edənləri qələmə almış və kitab nəşr etmişdir. Bu kitabda yazılanlardan alimlər indiyə qədər bəhrələnir və həmin günü baş verən həqiqətləri insanlara çatdırırlar.
O zaman ki, mərsiyə insanları yolunu azmağa qulluq edər, bu zaman susmaq olmaz. Belə yalançı xəbərlərin qarşısını almaq lazım olar. Bu mövzuda nə ifrat edənlər və nə də təfrit edənlər bəyəniləndir. Orta həddə riayət etmək – bütün mərsiyə deyənlərin əsil vəzifəsi olmalıdır.
Beləliklə deyə bilərik ki, mərsiyə söyləmək mədəniyyəti ilk olaraq Həzrət Peyğəmbər (s) tərəfindən edilmiş və sonralar Məsumlar (ə) tərəfindən davam etdirilmiş və bu əmələ təşviq edilmişdir. Hər bir şeyin ədəb qaydaları olduğu kimi mərsiyə də o cürdür. Bu mövzuda da nə ifrat etmək lazımdır, nə də təfrit.