“İsrail Rafah şəhərinə hücuma hazırlığını davam etdirir”

“İsrail Rafah şəhərinə hücuma hazırlığını davam etdirir”

 

“Mülki əhalinin təhlükəsizliyinə adekvat zəmanətlər olmadan Rafahda irimiqyaslı əməliyyatın keçirilməsi məqsədəuyğun deyil…”

 

“İsrail Qəzzada işğalçı ölkədir və Qəzza əhalisi üçün humanitar yardımın çatdırılmasını təmin etməlidir…”

 

Böyük Britaniya XİN rəhbəri İsrailin ünvanına kəskin bəyanatla çıxış edib

 

İsrail Rafah şəhərinə genişmiqyaslı hərbi hücuma hazırlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Məlumatda deyilir ki, Qəzza bölgəsinin Misirlə sərhəddə yerləşən Rafah şəhərində son aylar bölgənin şimalı və mərkəzində döyüş əməliyyatları və dağıntılardan yüz minlərlə fələstinli sığınacaq tapıb.

 

İsrail son zamanlar beynəlxalq birlik tərəfindən xəbərdarlıq və çağırışlara etinasız yanaşır və onları görməzdən gəlir.

 

Hazırda Rafahda Qəzza əhalisinin yarıdan çoxu məskunlaşıb, bunlar əsasən bölgənin İsrail qoşunlarının mühasirədə saxladığı digər rayonlarından yerdəyişmə nəticəsində bu şəhərə sığınıb.

 

BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib ki, şəhərə hücumun dağıdıcı nəticələri olacaq.  

 

ABŞ Milli Təhlükəsizlik Şurası strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bəyan edib ki, Vaşinqton İsrailin Rafahda irimiqyaslı hərbi əməliyyatının əleyhinədir.

 

“Biz hesab edirik ki, mülki əhalinin təhlükəsizliyinə adekvat zəmanətlər olmadan Rafahda irimiqyaslı hərbi əməliyyatın keçirilməsi məqsədəuyğun deyil”.

 

Rafaha hücuma hazırlığa son qoyulması barədə çağırışlar bir sıra Avropa və Yaxın Şərq ölkələri, o cümlədən Almaniya, Misir, Türkiyə və İordaniya, habelə Fələstin administrasiyası nümayəndələri tərəfindən səsləndirilib.

 

Böyük Britaniya XİN rəhbəri Devid Kameronun bəyanatı daha kəskin olub. O, İsrailə Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çağırış edib. Kameron xəbərdarlıq edib ki, əks halda bu, beynəlxalq hüququn pozulması demək olacaq.

 

“İsrail Qəzzada işğalçı ölkədir, ona görə də humanitar yardımın Qəzza əhalisi üçün əlçatan olduğuna əmin olmalıdır”, – CNN qeyd edib.

 

Kameron İsrailə “dayanmağa və müvəqqəti sığınacaqlarda 1, 3 milyon fələstinli qaçqınların məskunlaşdığı Rafahda hər-hansı əməliyyat aparmadan öncə düşünməyə çağırış edib”.

 

“Rafahda olan insanlar bundan öncə artıq üç, dörd və ya beş dəfədir ki, yerini dəyişmək zorunda qalıb. Onlar şimala dönə bilməz, çünki evləri dağıdılıb. Onlar cənuba dönə bilməz, çünki bunun üçün Misirin ərazisinə daxil olmaq lazım gələcək, bunu isə nə misirlilər, nə də heç kim istəmir”, – Kameron deyib.

 

CNN qeyd edir ki, BMT və digər humanitar təşkilatların əməkdaşları daima humanitar yardımın çatdırlmasının uzun zaman və çətin olduğundan şikayətlənir.

 

BMT baş katibinin humanitar və fövqəladə məsələlər üzrə müavini Martin Qriffits bu prosesi “bütün mənalarda praktiki olaraq mümkün olmayan” adlandırıb.

 

Fələstin Qırmızı Aypara təşkilatı məlumat verib ki, 10 oktyabrdan 1 fevraladək Qəzzaya hər gün humanitar yardım daşıyan 95 yük maşını daxil olub, müharibədən öncə bu rəqən 500 təşkil edib.

Mənbə

Share: