
“Mən onun palatasına daxil olanda atası ilə birgə gördüm…O, elə hey ağlayır və ölümdən qorxduğunu deyirdi…”
Təl-Əvivdə iyunun 25-də israilli kişiyə onun tərəf-müqabilinin yumurta hüceyrələrindən istifadə edərək surroqat ananın ümumi körpəni dünyaya gətirməsinə icazə verilib.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Sübut edilib ki, 2020-ci ildə ölümcül xəstələnən gənc qadının istəyi məhz belə olub.
28 yaşlı qadın və onun 31 yaşlı tərəf-müqabili 2020-ci ildə görüşməyə başlayıb. Onlar evlənmək və övlad dünyaya gətirməyi planlaşdırıb. Lakin tezliklə qadında xərçəng diaqnozu qoyulub.
Onun vəziyyəti sürətlə pisləşib. Müalicə çərçivəsində əməliyyatla onun yumurtalıqları çıxarılıb. Bu zaman həkimlər gənc cütlüyün nə zamansa uşaq dünyaya gətirmək şanslarını saxlamaq üçün qadının iki sağlam yumurta hüceyrəsini çıxarmağa müvəffəq olub. Bu hüceyrələr gələcəkdə istifadə etmək üçün dondurulub.
Pasiyentə sümük iliyinin köçürülməsi əməliyyatı təyin edilib. Xəstəxanada əməliyyatdan öncə qadın atasına deyib ki, ölümdən qorxur.
Pasiyent qadın xahiş edib ki, öləcəyi təqdirdə onun yumurta hüceyrələrindən
sevimli insanı ilə birgə övladlarının doğulması üçün istifadə edilsin.
“Mən onun palatasına daxil olanda atası ilə birgə gördüm. O, hey ağlayır və atasına ölümdən qorxduğunu deyirdi. Atası onu sakitləşdirməyə cəhd edib və deyib ki, hər şey yaxşı olacaq, o, sağalacaq, ərə gedəcək və çoxlu uşaq dünyaya gətirəcək.
O isə deyib ki, öləcəyi təqdirdə tərəf-müqabili övladlarının olması üçün onun yumurta hüceyrələrindən istifadə etsin. Atası razılaşıb və göz yaşları içərisində qızını bağrına basıb”, – həkim xatirlayıb.
Nəticədə hakim Tsipi Koen Avitan iddiaçıya dondurulmuş yumurta hüceyrələrindən istifadə edməyə, onları mayalandırmağa, surroqat ananın iştirakı ilə ekstrakorporal mayalanma prosedurundan keçməyə və uşağın dünyaya gətirilməsinə cəhd etməyə icazə verib.
Bu ekstrakorporal mayalanma və surroqat analığa aid mürəkkəb sahəyə aid olan mühüm və misli görünməmiş qərardır. Reproduktiv texnologiyaların inkişafı nəticəsində məhkəmə üçün bu sahə bir çox tərəfdən “boz zona” olaraq qalır.


