İstanbulun mərkəzində terror törədən şəxs həbs edildi… “PKK”-çıdır…-RƏSMİ

Türkiyə polisi  İstanbulun mərkəzində partlayış törədən şəxsi həbs edib.

 

Moderator.az  xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya  istinadla məlumat yayıb.

 

“Bazar günü İstanbulun İstiqlal prospektində partlayışa səbəb olan bombanı qoyan şəxs polis tərəfindən həbs edilib”, – məlumatda belə deyilir.

 

Bundan öncə daha 21 şübhəlinin də həbs edildiyini bildirən nazir terrorçunun  kimliyi barədə açıqlama verməsə də, partlayışın “PKK/PYD” terror təşkilatı tərəfindən törədildiyini vurğulayıb.

 

 “Terakt əmrinin Kobanidən gəldiyinə dair bir qiymətləndirməmiz var. Terroru törədənin Afrindən keçməsi ilə bağlı qiymətləndirməmiz də var… Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, onları maliyyələşdirən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”- deyə S.Soylu bəyan edib.

“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, – yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.

Qeyd edək ki, ötən gün İstanbulda baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

 

Xatırladaq ki, daha əvvəl Türkiyənin ədliyyə nazir Bəkir Bozdağ İstanbulda baş vermiş partlayışın mümkün versiyalarını açıqlamışdı.

 

Türkiyənin vitse-prezidenti Fuat Oktayın İstanbulun mərkəzində insanların gur küçələrindən birində baş verən partlayışın terror aktı olduğunu təsdiqlədiyi də xəbər verilib.

Terror aktındandan bir neçə saat sonra ermənilərə məxsus telegram-kanallarından birinin yaydığı məlumatda partlayışa görə məsuliyyətin “ASALA” terror təşkilatının  üzərinə götürdüyü də bildirilib. Hətta şübhəlinin ad-soyadı və şəxsiyyət vəsiqəsinin fotosu da yayımlanıb. Bunlara əsasən kamikadzenin 37 yaşlı kürd əsilli diyarbəkirli Ciyan Tosun olduğu ehtimal edilib və onun Kürdüstan Fəhlə Partiyasının(“PKK”) üzvü olduğu bildirilib…

Sultan Laçın

Mənbə

Share: