Noyabrın 8-də Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyində 8 Noyabr – Zəfər Günü təntənəli şəkildə qeyd olunub.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Məlumata görə, İtaliya Parlamentinin üzvlərinin, Xarici İşlər Nazirliyinin rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumları əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının 20 faiz ərazilərini hərbi işğal altında saxladığını, apardığı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvalarından didərgin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir R.Aslanov dövlətimiz tərəfindən aparılmış siyasi və diplomatik səylər nəticəsində bütün aparıcı beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını tanıyan, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul edildiyini vurğulayıb. Lakin, Ermənistanın buna baxmayaraq 30 ilə yaxın müddət ərzində bu qətnamələrin tələblərini yerinə yetirmədiyini, xüsusilə də təxribat xarakterli addımlar ataraq danışıqlar prosesini məqsədyönlü şəkildə pozduğunu, bir daha özünün əsl məqsədinin Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı hücumuna cavab olaraq, Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, ədalətin və beynəlxalq hüququn bərpası üçün BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında özünü-müdafiə hüququndan istifadə edərək, əks-hücum əməliyyatlarına başladığını qeyd edən səfir, bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqının səfərbər və həmrəy olaraq dövlət başçısının ətrafında birləşdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Münaqişədən sonrakı dövrdə Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yaratdığını bildirən səfir R.Aslanov, Azərbaycanın qalib ölkə olmasına baxmayaraq, öz ənənələrinə uyğun sülh və inkişaf gündəliyini təşviq etdiyini qeyd edib. Bu gün Azərbaycanın azad etdiyi və Ermənistan tərəfindən minalarla çirklənmiş ərazilərinin təmizlənməsi, bu ərazilərdəki dağıdılmış şəhər və kəndlərin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyi bildirilib.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir bildirib ki, iki ölkə arasındakı münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliyanın Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini daima dəstəklədiyi, habelə İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində iştirak etdiyi vurğulanıb.
Tədbir çərçivəsində Vətən Müharibəsi və Şuşa şəhəri ilə bağlı videoçarxlar təqdim olunub. Həmçinin İtaliyada yaşayan azərbaycanlı fotoqraf Emil Qarabəyin Şuşaya səfəri zamanı çəkdiyi fotolardan ibarət “Romadan Şuşaya” adlı sərgisi nümayiş edilib.
Həmçinin səfirliyin inzibati binasının fasadında Azərbaycanın üçrəngli bayrağı və Şuşanın simvolu sayılan Xarıbülbül videoproyeksiya edilib.