“Maraqlıdır ki, Ərdəbil, Zəncan bölgələrinin şivələrində işlənən “dinya”(qovun, yemiş) dil vahidimiz rusca “dınya”yaya çevrilmişdir…”
1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olmuş Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə “Borcumu ver, Rusiya” adlı kitabında dərc edilmiş eyni adlı 4-cü məqaləsində müasir rus dilində, məişətindən işlənən bir sıra sözlərin Azərbaycan türk dilindəki sözlərdən törəməsi, “Kiyev rus dövləti” anlayışının sonradan qondarılması, “slavyan” və “rus” məfhumlarının belə, türk, Azərbaycan mənşəli olması haqda maraqlı və ibrətamiz fikirlər səsləndirir.
Aktuallığını nəzərə alıb həmin məqaləni bütövlükdə dəyərli Milletinsesi .az oxucularının diqqətinə çatdırırıq:
Borcumu ver, Rusiya!
Kim nə deyir desin, qardaş türk dilləri ailəsində bizim azərtürkcə elə çevik qrammatik məqamlara və lüğət tərkibinə sahib durur ki, öz-özünü bəyənən, guya sayımlı-seçimli bayağı Hind-Avropa dil dəstəsini belə, öz altına alır. Öncəki yazılarımızda çıxarışları sayın oxuyarlara xatırladırıq ki, Rusiyanın Uzaq Doğusundan tutmuş ta batısına kimi bütün ərazilərdə ictimai-məişət mühiti yaradan və əsrlərlə ölkənin bazar-dükan həyatını, alver işini kəndi inhisarlarına almış Bakı-Şirvan və Tovuz-Qazax bölgələrininin ticarət adamları və çeşidli işbazları özləriylə xalqımızın böyük dil mədəniyyətini də aparmışlar. Nəzərə alsaq ki, “rus”, “Rusiya”, “Kreml”(memarımız Əliş Kərəmlinin soyadıyla Keremli-Kremli-Kreml) islahları məhz azərtürkcəmizdən doğmuşdur, indi özünü fövqəldövlət adlandıran Moskvanın ədəbazlığına şərh verməyə ehtiyac duymuruq. Tutarqalarımıza növbəti meydan açarkən belə mənzərə yaranacaq.
Məlumdur ki, rus dilində “a” səsiylə başlanan milli söz yoxdur. “Andrey”, “Aleksey”, “Aleftina”, “ajur” və digər sözlər isə latın, yunan, fransız dillərindən mənimsənilmiş uluslararası sözlərdir. Bizim üçün fərəhdir ki, rusların az qala hər gün işlətdikləri “arbuz”(qarpız), “alıça”(alça) isimləri dilimizin şiddətini göstərən “avos”(avoz, yəni bəlkə mənasını verən aralıq sözümüz) məhz azərtürk mənşəlidir). Maraqlıdır ki, Ərdəbil, Zəncan bölgələrinin şivələrində işlənən “dinya”(qovun, yemiş) dil vahidimiz rusca “dınya”yaya çevrilmişdir. Azərtürk dilimizin rəng bildirən “qara” ismi matəm, cəza və qisas anlamlarını ehtivalayan rəmzi səciyyə daşıyır ki, bu sözümüz də rus dilində bir cah-cəlal açmışdır. Fikir verin, vurğusu ilk hecaya düşən “кара», «карать»(məsdər forması -cəzalandırmaq), «перекарать»(təkrar cəzalandırmaq), «докарать»(sonadək cəzalandırmaq) söz və məsdərləri felin bütün zaman, şəkil və növlərində geniş işlədilən sözümüzdən götürülmüşdür…
Kəmhövsələ oxucumuz düşünər ki, fələkdən başımıza daşlar yağan əyyamda bu dil təmrinlərinin heç vaxtıdırmı. Lap vaxtıdır, atam, çünki 200 sənədən artıqdır ki, fars şovinistləri kimi, rus imperiyası da tariximizə, odamıza daş-kəsək atır, özümüzə ox tuşlayır. Amma qanmırlar ki, xüsusən sonuncuya kaman çəkməyi, ox tuşlamağı, biz azərtürklər öyrətmişik. Kökümüzün qüdrətini, mənəviyyatımızın təmizliyini ona zaman-zaman xatırlatsaydıq, yerində dinc oturardı. Necə ki, həmin məqamları hamıya farş etməyi öyrətməmişik, şimalın hərbi təzyiqi, dürlü təxrubatları səngiməyəcəkdir. Ona görə ki, yalnız güclülərə məhəl qoyulur, ağlayıb sızlayanlara qapı göstərilir. İndi də rus əhlinə oxatma dərslərimiz vaqiəsinə keçək…
IX yüzillikdən üzü bu yana indi Rusiya adlanan, XVI əsrin ilk yarısınacan Slav diyarı deyilən ərazilərin əksər bazarları və ticarət nöqtələri Güney və Quzey Azərbaycandan gəlmiş tacirlərin əlində idi…
(Davamı var)
Oqtay Eldəgəz, “Borcumu ver, Rusiya!”, Bakı, “Elm və təhsil”, səh 47-49.
Təqdim etdi: Sultan Laçın