“Jurnalistlərə verilən evlər onlardan alına bilməz”.
Milletinsesi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
O bildirib ki, jurnalistlər üçün tikilən ikinci binaya köçürülmə başladıqdan sonra istismar aktının verilməsi üçün sənədlər hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunub: “Bir müddət sənədlər orada qaldıqdan sonra sərəncam verilməliydi ki, Arxitektura Komitəsi yaradıldı. Arxitektura Komitəsi isə formalaşana qədər vaxt keçdi. Biz yenidən bu sənədləri yığıb verdik və dedilər ki, növbə var, baxılacaq. Yəni, KİVDF-yə aid olan sənədlərin hamısını vaxtında vermişik. Avqustun 8-də isə bina istismara qəbul edilib. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub”.
V.Səfərli mətbuatda onun fikirlərinin yanlış anlaşıldığını qeyd edib: “Mən demişəm ki, bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayırlar. Çünki o evlərə order və ya başqa heç bir sənəd verilməyib. Jurnalistlərə verilən evlər xidməti ev deyil. Heç kimin də əlindən alına bilməz. O, evlər cənab Prezidentin hədiyyəsidir. İndiyə qədər də o evlər heç kimin əlindən alınmayıb və bundan sonra da alınmayacaq. Bu gün orada yaşayan hər bir jurnalist istismar aktı ilə özünü və ailəsini həmin ünvana qeydiyyata sala bilər. Hesab edirəm ki, yaxın gələcəkdə həmin evlərə “kupça” da veriləcək”.