Jurnalistlər Füzuli, Hadrut və Şuşada olublar

Medianın İnkişafı Agentliyi və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə jurnalistlərin Füzuli, Hadrut və Şuşaya mediaturu təşkil olunub.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzində olublar. Onların diqqətinə çatdırılıb ki, Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Vurğulanıb ki, Rəqəmsal Yarımstansiyada bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır.

 

“Hadrut” qovşaq yarımstansiyasında olan jurnalistlərə bildirilib ki, yarımstansiya Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.

 

Sonra jurnalistlər Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində görülmüş işlərlə tanış olublar. Vurğulanıb ki, Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi səfərdə iştirak edən jurnalistlər üçün yazı (reportaj) müsabiqəsi elan edilib.

 

Müsabiqəyə təqdim olunan yazılı və audiovizual materiallar anoloji olaraq çap mediası subyektlərində çalışan jurnalistlər üçün köşə yazısı və televiziya əməkdaşları üçünsə reportaj janrında olmalıdır. Köşə yazısı ən çoxu 500 sözdən ibarət olmalı, audiovizual materialların xronometrajı isə maksimum 5 dəqiqə təşkil etməlidir. Səfər bitdikdən sonra iştirakçılar çalışdıqları media subyektlərində dərc etdirdikləri və ya yayımladıqları materialları 11.10.2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. 15.10.2022-ci il tarixində qaliblər elan olunacaq. Ən yaxşı 5 köşə yazısı və ən yaxşı 3 reportajın müəllifi mükafatlandırılacaq.

Mənbə

Share: