Azərişıq” ASC coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcər rayonunda elektrik təsərrüfatını yenidən qurur.
Moderator.az bu barədə səhmdart cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda rayonda 35 kV-luq elektrik xətləri çəkilir. Zod, Zar, Zəylik və Yellicə istiqamətlərində yenidənqurma işləri başa çatıb.
Ağqaya, Qamışlı və Mərcimək istiqamətlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir.
Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kv-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir.
Həmçinin, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb.
Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.