“Kəndli kredit alana kimi məhsul yığımı bitir”- Deputatdan irad

Kənddə işləyən sakinlərin kredit alması üçün o qədər sənəd tələb edirlər ki, krediti alana qədər əkin mövsümü bitir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.

 

“Böyük rəqəmlərdən, milyonlardan danışmıram. 5-50 min arası kreditlər üçün kənd sakinlərinə güzəştlər edilə bilər. Bunun üçün düzəlişlər edilməlidir ki, kreditlər iki həfətə ərzində kəndliyə verilsin. Təbii ki, vətəndaş məsuliyyət daşımalıdır, amma bu qədər sənədin tələb olunması yersizdir. Kredit kəndlinin əlinə gəlib çıxana qədər məhsul yığımı da bitir”, – deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. İclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Mənbə

Share: