
Şamaxıda silahla saxlanılan keçmiş məhkum barəsində bəzi detallar məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, Şamaxıda avtomatla saxlanılan Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.
O, hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.
Ceyhun Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə “Qara Talelər” sənədli filmində də bəhs olunub. Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir.
Ceyhun Kafi analığını, maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürməkdə də ittiham olunub. O, analığını öldürərək evi qarət edib.
Qeyd edək ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Kafi şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı çantadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. C.Kafi ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polisə təhvil verməyərək özündə saxladığını bildirib.