Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatulla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Bu gün Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Azərbaycan Respublikasının Baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlədiyini vurğulayıb.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Kamran Əliyev bildirib ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövlətinin tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin keçən ay keçirilən açılış mərasimində hər iki ölkə rəhbərinin iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Baş prokuroru müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi dövrdə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək Ulu Öndərin Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi olduğunu qeyd edib.
Niqmatulla Yuldoşev iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.