“Kaş son dəfə görüşə biləydik, sanki bizimlə vidalaşırdı…”- dostları “Rəşid”-dən danışır +Özəl

“Kaş son dəfə görüşə biləydik, sanki bizimlə vidalaşırdı…”- dostları “Rəşid”-dən danışır +Özəl

 

“Azərin ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən hamı mənə mesaj yazıb, başsağlığı verir. Yusif Şeyxova da yazdım ki, biz dostumuzu itirdik. Filmdən sonra biz çox yaxın idik, tez-tez görüşürdük. Onlar bizə gəlirdilər, biz onlara gedirdik”

 

 

Bunu Moderator.az-a açıqlamasında Zərifə rolunun ifaçısı Solmaz Hətəmova deyib. O daha sonra əlavə edib.

“Filmin 50 illik yubileyində onu dəvət etdik, amma gəlmədi. Fikirləşirəm ki, bəlkə o vaxtı da xəstə idi. Bizə şəkil göndərdi, onda da sağlam adama oxşamırdı. Səhv etmirəmsə anası sağ idi. Yaşı 90-nı keçib. Azərin 69 yaşı var idi. Bakıda yaşayırdılar. Moskvaya gedib təhsil aldı, sonra orada qalıb çəkildi. Məni də dəvət etmişdilər, “Odessa” kinostudiyasının lentə aldığı filmdə Ərəb şəhzadəsini oynayırdı. Çox təəssüf ki, son dəfə görüşə bilmədik. Təxminən 40 il idi ki, bir-birimizi görmürdük. Kaş bir dəfə görüşərdik, qismət olmadı. Bir müddət Almaz Mustafayeva ilə birlikdə Gənc Tamaşaçılar teatrında çalışıb. Son dəfə onu görsəydim soruşardım ki, neynir, necədir, nə işlə məşğuldur? Sonuncu dəfə “O üz” verilişində biz bir araya gəldik. Yusif Şeyxov, Nazim Mustayevlə görüşdük. Azər Qurbanov da onlayn müsahibə vermişdi. Müsahibəsində də bildirmişdi ki, məni də, Yusifi də çox istəyir” deyə sənətçi bildirib.

 

 

Filmdə Eldar rolunu oynayan Əməkdar Mədəniyyət İşçisi, ssenarist Yusif Şeyxov da xatirələrini bölüşüb.

“Azər uzun illər idi Amerikada yaşayırdı. Orada özünün biznesi var idi. Sosial şəbəkədə əlaqə saxlayırdıq. Çünki bizim ölkəmizlə onun qaldığı dövlətdə saat fərqi var idi. Filmin uğurundan danışırdıq, sevinirdi, fərəhlənirdi. Oğlu iki gün öncə mənə zəng edib. Mən eşitməmişdim. Səhər durub mən zəng etdim, o cavab vermədi. Dedi ki, atam rəhmətə gedib. ABŞ-da dəfn olunub. Ağır xərçəng xəstəsi olub. 5 il idi xəstə idi. Amma heç kəsə bildirməyib. Azər həyat yoldaşı və oğluyla yaşayırdı. Oğlu deyir ki, mədəsindən şikayət edib, bilməyib xərçəng olduğunu. Çox ağır şəraitdə xəstəxanaya yerləşdirilib. Xərçəng artıq bir neçə orqanına yayılıb. Azərə əli çatmayanlar mənim vasitəmlə onunla əlaqə saxlayırdılar. Çox vaxtı da cavab vermirdi. “O üz” verilişində bizi onlayn salamlamışdı. Feysbukda sonuncu statusunda onu tanıyanların hamısına təşəkkür edib. Sanki Azər bu mesajla bizlərlə vidalaşırdı. Çox qəmgin yazı idi. Biz dostumuzu, ən əsası uşaqlıq dostumuzu itirdik. Allah ona rəhmət etsin” deyə Yusif Şeyxov bildirib.

Mənbə

Share: