“Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsək də, oğlumla bağlı məlumat ala bilmirik”.
Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.
O, BQXK-nin müraciətlərə laqeyd yanaşdığını söyləyib:
“Nə vaxt komitəyə müraciət edirik, deyirlər ki, bizə Ermənistan tərəfindən məlumat verilməyib. Biz sonuncu dəfə ötən ayın 13-də əlaqə saxlaya bilmişik. O zamandan bəri heç bir xəbər yoxdur. İyunun 13-də göndərdiyimiz məktub hələ övladıma çatmayıb. Yaxın zamanda görüşün olub-olmayacağı da bəlli deyil. Müraciət edəndə heç nə deyə bilməyəcəklərini söyləyirlər”.
“Bu yaxınlarda BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərlə baş çəkib, onların ailə üzvləri ilə əlaqəsi təmin olunub. Onlar bir ayda ikinci dəfədir ki, görüş keçirirlər. Amma bizə gəlincə, ayda bir dəfə də olsun görüş təşkil etmirlər. 96 gün ərzində cəmi iki dəfə əlaqə saxlaya bilmişik. İndiyə qədər nə məktub var, nə də zəng. Komitədən bizə bildirmişdilər ki, ən azı ayda bir dəfə danışıqlar olacaq, amma onu da görmürük”, – deyə əsir düşən əsgərin anası vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.
Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.