
Türkiyənin iqtisadiyyatdan məsul sabiq dövlət naziri Kemal Derviş dünyasını dəyişib.
Modern.az “Halk TV”yə istinadən xəbər verir ki, ABŞ-da yaşayan siyasətçi 74 yaşında vəfat edib.
1949-cu ildə İstanbulda anadan olan eks-nazir 2001-2002-ci ildə DSP-MHP-ANAP koalision hökumətində (baş nazir: Bülent Ecevit) dövlət naziri postunu tutub.
Türk ata və alman ananın ailəsində dünyaya göz açan, London İqtisad Məktəbinin məzunu olan Derviş bundan əvvəl Dünya Bankının rəhbərliyində çalışıb. 2001-ci il iqtisadi krizisini aradan qaldırmaq üçün Türkiyəyə dəvət olunan siyasətçi bir müddət bu istiqamətdə fəaliyyət göstərdikdən sonra DSP-dən qopan kəsimlə birgə Yeni Türkiyə Partiyasının qurulmasında iştirak edib, lakin partiyaya qatılmayaraq 2002-ci il parlament seçkilərində CHP-dən deputat seçilib və 2005-ci ilə qədər parlamentari olub.
2005-ci ildə deputatlıqdan istefa verən Derviş daha sonra BMT-də vəzifə tutub.
Bəzi iqtisadçıların fikrincə, 2002-ci ildə hakimiyyətə gələn AKP-nin iqtidarının ilk illərindəki iqtisadi uğurların səbəbi məhz Dervişin əsasını qoyduğu iqtisadi islahatlar kursunun olduğu kimi tətbiq olunması idi.