Kinoaktrisa Fərqanə Quliyeva vəfat etdi

Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

 

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.

 

F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

 

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.

 

Allah rəhmət eləsin!

Mənbə

Share: