“Monterrey”in baş məşqçisi Antonio Mohamed “Liverpul”un çalışdırıcısı Yurgen Kloppla aralarında baş verən insidentə münasibət bildirib.
Klublar arasında keçirilən dünya çempionatının “Monterrey” (Meksika) – “Liverpul” (İngiltərə) yarımfinal matçında (1:2) “Liverpul”lu Co Qomes topu uğursuz şəkildə qəbul edib və əlinə dəyib. Hakim cərimə zərbəsi təyin etdikdən sonra “Monterrey”in baş məşqçisi Antonio Mohamed futbolçuya sarı vərəqə (ikinci sarı) göstərilməsini tələb edib. Həmkarının bu hərəkətinə isə “Liverpul”un baş məşqçisi Yurgen Klopp ironik reaksiya göstərib. O, Antonio Mohamedin hərəkətini təqlid etməyə başlayıb. Bu zaman hər iki məşqçi arasında gərginlik yaranıb.
Qol.az “The Sun” nəşrinə istinadla xəbər verir ki, A.Mohamed verdiyi son müsahibədə dekabrda baş verən bu insidentə də toxunub: “Onun tərəfindən mənə qarşı hörmətsizlik edildi. Klopp davamlı şəkildə mənə sarı vərəqə göstərilməsini tələb etdi. Deyir ki, mənim futbolçilularım Salahı vururlar. Mən isə bildirəndə ki, “Liverpul”un oyunçusu qovulmalıdır, o mənə güldü, hətta dilini də çıxardı. Bunu görəndə əvvəlcə güldüm, sonra isə hirsləndim və özümə nəzarəti itirdim. Mən bilmirəm ona nə dedim. Çünki ingiliscə danışanda mən özüm olmuram”.