Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ramazan bayramı münasibətilə Tbilisi Cümə məscidində olub.
Modern.az xəbər verir ki, o, müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətlərə məxsus insanların birgə dinc şəraitdə yaşadığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.
Sonra Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək müsəlmanları təbrik edib.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Faiq Nəbiyev çıxışında göstərilən diqqət və qayğıya, təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Daha sonra Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, diplomatlar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.