Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenə də revanşist fikirlər səsləndirib. Köçəryan deyib ki, Qarabağın gələcəyinin açarı orada yaşayan ermənilərin əlindədir. Bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində isə bir vaxtlar Qarabağ probleminin həllinin açarının Rusiyanın əlində olduğunu, indi isə Moskvanın özünün çətin vəziyyətə düşdüyünü və açarı itirdiyini bildirmişdi.
“1992-ci ildə də vəziyyət belə idi, o zaman bizim düşdüyümüz durum indikindən yaxşı deyildi”, – Köçəryan vurğulayıb. Eks-prezidentin sözlərinə görə, belə görünür ki, Qarabağ ermənilərinin elitası Azərbaycan tərəfi ilə əməkdaşlıq edəcək və tədricən inteqrasiyaya razı olacaq. O, bundan ciddi narahat olduğunu qeyd edib. Köçəryan hakimiyyətin dəyişməyəcəyi halda Qarabağın statusu məsələsinin həll olunmayacağını bildirib. Bununla da o, Ermənistan cəmiyyətini hakimiyyəti dəyişdirməyə çağırıb.
Politoloq Cümşüd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, Robert Köçəryanın çıxışı gecikmiş çıxışdı. Ermənistan artıq bütün cəbhələrdə Azərbaycana uduzub.
Onun sözlərinə görə, hazırda Rusiya fikirlərini açıq şəkildə Azərbaycana deyə bilmir. Çünki daha Ermənistana bel bağlamır. Səbəb isə Ermənistanın Rusiyanın maraqlarını satmasıdır.
“İranın da Azərbaycanla bağlı planları suya düşdü. Ona görə də İran və Rusiya köhnə yenini bir də təzələyib Köçəryanı gündəmə gətirdilər”.
Politoloq R.Köçəryanın fikirlərinin nəyə hesablandığını belə izah edib:
“Görünən odur ki, Ermənistanda özünü siyasi lider adlandıranların hamısı çıxılmaz vəziyyətdədir. Bu çıxış daha çox daxili publikaya hesablanıb. Köçəryan Azərbaycanda onun fikrinə necə münasibət bəslənəcəyini öyrənməyə çalışır”.
Onun sözlərinə görə, Ermənistanın Türkiyə və Azərbaycanla müqavilə imzalamaqdan başqa yolu yoxdur:
“Bunu Köçəryanın çıxışından öncə Ermənistanın birinci prezidenti Ter-Petrosyan birmənalı olaraq bəyan etdi. Biz indi quruculuq işləriylə məşğul oluruq. Ordumuzun gücünə də bələdik. Odur ki, bizi belə sərsəm bəyanatlar maraqlandırmır. Bizim tərəfdaşlarımız güclü və sadiqdirlər. Azərbaycan özünə əmin olan bir dövlətdir. Ermənistan belə sayıqlamalarına davam etsə, ərazisi 9 min kvadrat metr olacaq”.
C.Nuriyev Köçəryanın Ermənistanda hakimiyyətə gəlib-gəlməyəcəyi məsələsinə də münasibət bildirib:
“Hazırda Köçəryan və Sarkisyan hakimiyyətə gəlmək istəyir. Onlar bu dörd il ərzində maraqlarını satanları və Paşinyan tərfdarlarını cəzalandırmaq istəyirlər. Ancaq ABŞ buna imkan verməyəcək. Eyni zamanda, hərbi çevriliş də mümkün deyil. Çünki bu ölkənin ordusu qalmayıb. Bu ölkə son illər bir neçə müdafiə naziri dəyişib”.