Son günlərdə Qarabağ ətrafında gərginlik kifayət dərəcədə yüksək olsa da, azlıq təşkil edən emosiyasız təhlillər reallıqda müharibə təhlükəsinin olmayacağını, proseslərin köhnə qaydada davam edəcəyini proqnozlaşdırırdı. Hətta, yenilik adına separatçıların rəhbər “seçkisi” oyununa olan reaksiyalar da 44 günlük müharibədən əvvəl separatçıların işğal dövründə keçirdikləri seçkilərə verilən reaksiyalardan çox da fərqlənmədi. Xankəndidə separatçı rejimin başına gətirilən Şahramanyan ilk çıxışını elədi və gözlənildiyi kimi Araik Arutunyanın, Ruben Vardanyanın, daha doğrusu cəmi ermənilərin mövqelərindən fərqlənən bir mövqe ortaya qoymadı. Köhnə separatçı, təzə lider konkret olaraq bildirdi ki, “Dağlıq Qarabağ status almalıdır, üçüncü ölkənin təminatı ilə Bakı ilə danışmalıyıq, Ermənistanla əlaqə Laçın dəhlizi vasitəsilə birbaşa olmalıdır və ola bilsin ki, başqa yollar da açılsın, amma onlar dəhlizi əvəz edə bilməz”.
Ermənistan baş naziri Nikol Paşinyan isə ABŞ dövlət katibi, İran, Almaniya, Fransa, Gürcüstan dövlətinin rəhbərləri ilə telefon danışıqları aparıb, əvvəlcə Laçın yolunun “blokadasından”, Qarabağdakı vəziyyətdən, sonra da Azərbaycan Prezidenti ilə tezliklə görüşməyə hazır olduğunu bildirdi. Bir sözlə, İrəvanda və Xankəndidə “köhnə hamam”lar, “köhnə tas”lar suyun ( gərginliyin) isti, soyuq olmasından asılı olmayaraq üşümədən, çılpaq şəkildə planlaşdırdıqlarını dedilər. Qarşı tərəfin mövqeyi – yəni Azərbaycan Respublikasının tərkibində yaşamağı qəbul etməyəcəkləri istər sıravi adamların, istərsə də onları idarə edənlərinn simasında açıq şəkildə deyilib və deyilir. Ermənistan da sülh müqaviləsindən bəhanələrlə imtina edir. O zaman biz daxili işimiz olan Xankəndi məsələsinin həllini nədən ön plana çəkmirik? Ermənistanla danışıqların dayandırıldığını və yalnız Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyulandan sonra danışıqların davam etdiriləcəyini bütün maraqlı tərəflərə bildirmək, elan etmək lazımdır. Ermənilər də, dünya da bilməlidir ki, Azərbaycan daxili işi ilə məşğuldur, Ermənistanla danışıqlar bir müddət dayandırılır. Oktyabrın 5-də Qranadada nəzərdə tutulan beşli formatda görüş zamanı Ermənistanın sülhdən yayınma bəhanələri vurğulanmalı və buna görə də daxili işimizə-Qarabağda dövlət nəzarətimizin yaranmasına daha çox diqqət ayrılmasının məqsədəuyğunluğu görüş iştirakçılarının nəzərinə çatdırılmalıdır. Ermənilər bu gedişə Azərbaycanın sülh prosesindən yayınması kimi təqdimat-təbliğata başlaya bilər, amma bu əhəmiyyət kəsb etməyəcək, əksinə, irəli sürdüyümüz sülh şərtlərini imzalamağa razı olacaqlar.
Ağdam yolundan Rusiya Qızıl Xaç Komitəsinin istifadəsinə icazə verilməsi barədə verilən qərar, açığın desək, heç də bizim iradəzmizin sonadək gözlənilməsi deyil. Ağdam-Xankəndi yolundan ilk olaraq Azərbaycan Qızıl Xaç Komitəsinin yardımı keçməli idi, sonra başqa ölkələrin. Rusiya yükünün və perspektiv xarici yüklərinin keçməsi “inteqrasiya” deyil, Kremlin “xilasedici” obrazının süni şəkildə təqdimidir. Üstəlik, ermənilər bunu qələbə kimi dəyərləndirib, “Əsgəran yolundan Rusiya istehsalı olan humanitar yüklərin keçməsinə Artsax hakimiyyəti qərar verdi və paralel olaraq Laçın dəhlizindən humanitar yüklərin keçirilməsinin bərpası razılaşdırılıb”. Əgər, bu şərtlərlə razılaşma varsa, bu bizim maraqlara uyğun deyil.
Qanunsuz keçirilən “seçkiyə” yalnız etiraz-bəyanat vermək düşməni iddialarından çəkindirməyəcək. Ümumiyyətlə, qarşı tərəf münaqişənin detallarını problemə çevirib uzun müddət onun həllini gündəmə çevirərək əsas hədəfdən bizi və dünyanı yayındarmaq siyasətini üç ildir davam etdirir. Laçın yolunda nəzarət məntəqəsi yaranmazdan əvvəl, iki il yarım ərzində də bu siyasəti aparan düşmən üçün indi Laçın yolunun “blokadası”nın guya sülhə mane olmasını təbliğatı.., yalnız bəhanədir.
Azərbaycan Qarabağda baş tutan qanunsuz “seçkini” əsas götürüb birbaşa Xankəndi rejiminin üzərinə getməlidir. Təqdirəlayiqdir ki, Prezidentin köməkçisi səviyyəsində erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prinsipial şəkildə bəyan edilib. Hikmət Hacıyevin “Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir” xəbərdarlığı özünün praktik həllini tezliklə tapması üçün qarşı tərəfə konkret vaxt verilməlidir. 10 noyabr bəyanatına əsaslanıb qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması indiki durumda sərt şəkildə gündəmə gətirilməlidir. Bu məsələnin israrlı gündəmə gətirilməsi “humanitar fəlakət” qışqırığını eşidilməz edəcək.
İlham İsmayıl