Kolonnanın Bakı səfəri heç nəyi dəyişməyəcək

Kolonnanın Bakı səfəri heç nəyi dəyişməyəcək

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasına görə gəlməyib.

 

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Fransanın XİN başçısının Bakı səfərinin nəticələrini Modern.az-a şərh edərkən deyib.

 

“Belə səfərlər adətən bir neçə həftə öncədən planlaşdırırlar. Təbii ki, Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsi ilə əlaqə var, ancaq Fransa xarici işlər nazirinin sırf bu məsələyə görə Bakıya gəldiyini demək düzgün olmaz. Çünki bu, regional səfərdir. Başa düşüləndir ki, Fransanın indi vasitəçilik cəhdləri uzun müddətdir Azərbaycan tərəfindən qəbul olunmur. Düşünürəm ki, Bakıda keçirilən müzakirələr ilk növbədə ikitərəfli əlaqələrə həsr olunub”, – deyə sabiq XİN naziri bildirib.

 

 

T.Zülfüqarovun fikrincə, istisna deyil ki, Fransa xarici işlər naziri Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsini müzakirə etməyə cəhd göstərib:

 

“Onun cavabı Xarici İşlər Nazirliyinin bəyanatı çərçivəsində olacaq. Çünki Fransanın Laçın məsələsi ilə bağlı bəyanatı var idi və bizim XİN onlara cavab vermişdi. Ümumiyyətlə, hansısa bir Qərb ölkəsinin Laçında gedən proseslərlə bağlı fikir bildirməsi məntiqə uyğun deyil. Onlar istəyirlər ki, Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etsin. Azərbaycan imkan verməz ki, Fransanın mövqeyindən aslı olmayaraq, kimsə onun suveren hüquqlarını şübhə altına qoysun. Amma onu da qeyd edək ki, ölkəmiz onsuz da əvvəldən Fransanın vasiəçiliyini qəbul eləmir. Azərbaycan Prezidenti də məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bildirib. Fransa istəyirdi ki, Avropa İttifaqının vasitəçiliyində xüsusi bir rol oynasın. Nəticə olaraq mən düşünürəm ki, belə səfərlər heç nəyi dəyişən deyil”. 

 

Qeyd edək ki, ötən gün Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdə olub. Fransalı nazir Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. XİN-də təşkil olunan mətbuat konfransında Kolonna Fransanın Azərbaycanın sülh səylərini dəstəklədiyini, ölkəsinin bu istiqamətdə səylərini artıracağını bildirib. 

Mənbə

Share: