Komitə sədri Estoniya rəsmiləri ilə görüşüb

Estoniyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Estoniyanın Dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə görüşü keçirilib. 

 

Görüşlər zamanı ölkələrimiz arasında tarixi münasibətlərdən, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyət göstərməsindən, eston cəmiyyətinə sürətlə inteqrasiya edən soydaşlarımızın ölkənin ictimai-siyasi və humanitar həyatında yaxından iştirak etməsindən bəhs edilib. 

 

Azərbaycan dovlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, xalqımızın multikultural və tolerantlıq dəyərlərinə malik olduğu, müxtəlif azsaylı xalqların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığı, Birinci və İkinci Qarabağ savaşları dövründə bütün xalqların Azərbaycanın ərazi bütövlüyü uğrunda ayağa qalxdığı, hazırda Azərbaycan dövlətinin Qarabağda yenidənqurma və bərpa işləri apardığı nəzərə çatdırılıb. 

 

Komitə sədri Estoniyanın hər zaman Azərbaycan dövlətinin yanında olmasına, bu ölkədə Azərbaycan icmasına göstərilən dəstəyə görə nazir Riina Solman və departament rəhbəri Anne Ly Reimaya təşəkkürünü bildirib. 

 

Estoniya rəsmiləri vurğulayıblar ki, Azərbaycan icması Estoniyada digər icmalara nümunədir. Soydaşlarımızın hər zaman Estoniyanın maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirməsi məmnunluqla vurğulanıb. 

 

Ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi və Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Mənbə

Share: