Komitə sədri: “Kemal Kılıçdaroğlunun Azərbaycandan yan keçən layihəsi baş tuta bilməz”

“Prezidentliyə namizəd Kemal Kılıçdaroğlunun Azərbaycanın “İpək yolu” layihəsindən kənarda qalması ilə bağlı fikirlər söyləməsi türk birliyinə, Türkiyə-Azərbaycan birliyinə, ölkəmizin iqtisadi baxımdan zəifləməsinə qarşı olması deməkdir”.

“Report”un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev türkiyəli jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bir çox türk dövlətlərini əhatə edən layihə Azərbaycandan yan keçirsə, deməli, baş tuta bilməz.

T.Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə bağlı çıxışına da münasibət bildirib:

“O, mükəmməl siyasətçi deyil. Bunu da hamı bilir. Çünki Paşinyan bu gün başqa fikir deyir, sabah da bunu inkar edir. Dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, başqa məsələlərdə yanlış addımlar atır. Paşinyan öz ağlı, düşüncəsi ilə hərəkət etmir. Onu idarə edən dövlətlər, güclər, Qərb və Fransa var. Paşinyan da onların fikirlərinə əsaslanıb çıxış edir. Həmin ölkələrin hər birinin Cənubi Qafqazda öz maraqları var. Ona görə də Paşinyanın nə dediyindən asılı olmayaraq, onun vədlərinə inanmırıq. Nəinki Azərbaycanın, eləcə də Türkiyənin dövlət başçıları ona inanmırlar. Vaxtilə Türkiyə və Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi, terrorçulara heykəl ucaldılması da bir daha göstərdi ki, Ermənistan terrorçu dövlətdir. Ermənistan həmişə Türkiyə və Azərbaycan xalqına düşmənçilik edib. Belə dövlətin baş nazirinin sözünə inanmaq doğru deyil, Azərbaycan və Türkiyənin öz siyasəti və tutduğu yol var. Biz də bu yolla irəliləyirik”.

Mənbə

Share: