
“Paytaxt Bakıda problemlər çoxdur. İndi onların hamısını həll etmək üçün yeni kanalizasiya, işıq xətləri qurulmalıdır. Bunun üçün ən azı 10-15 il iş görmək lazımdır”.
Milletinsesi.az Publika.az–a istinadən xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında professor, memar Elçin Əliyev deyib. O bildirib ki, 90-cı illərdən etibarən həyata keçirilən tikintilərdə kanalizasiya və kommunal xətlər nəzərə alınmayıb:
“Bakı tarixi şəhərdir və problemlərin çoxu elə buradan başlayır. Tarixi məhəllələr Bakıda elə xaotik şəkildə salınıb ki, olduqca plansız mənzərə ortaya çıxıb. Biz müstəqilliyi bərpa etdikdən sonra, tikinti sahəsində bir neçə il qanunsuzluq dövrü oldu. Məsələn, paytaxtdan Sumqayıt istiqamətinə gedərkən, yolun sağ-solunda əməlli başlı yaşayış massivləri salınıb. Yadımdadır, əvvəllər Sumqayıta gedəndə yolu boyu boşluq idi. Hiss edirdin ki, ayrı bir şəhərə gedirsən. Ancaq 5-10 il ərzində yolun hər iki tərəfi doldu. Bu tikintililər faktiki olaraq, xaotik şəkildə aparıldı. Bu, həmin dövrdə olan korrupsiyanın nəticəsidir. İndi sözün əsl mənasında Sumqayıtla Bakı birləşib. Təbii ki, bu ərazilər salınanda nə baş plan nəzərə alındı, nə kanalizasiya və digər kommunal xətləri fikirləşdilər”.
Memar vurğulayıb ki, hazırda nə yollar, nə kanalizasiya xətləri bu təzyiqə davam gətirə bilmir:
“İndi isə paytaxt rəhbərliyi bu problemlərlə rastlaşıb. Nəticədə belə bir sual meydana çıxır: bu cür qəsəbələrin kanalizasiya, işıq məsələsini necə həll etmək olar? Belə problemlər çoxdur. İndi onların hamısını həll etmək üçün, faktiki Bakıda yeni kanalizasiya, işıq xətləri qurulmalıdır. Bunun üçün ən azı 10-15 il iş görmək lazımdır. Təəssüf ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, paytaxtın mərkəzində yerləşən ərazilərin satılması, yüzlərlə göydələnlərin tikilməsi yollara, kanalizasiya xətlərinə çox ciddi təsir göstərdi. Bunların heç biri baş planda yox idi. Bütün bunların nəticəsində biz görürük ki, nə yollar, nə kanalizasiya xətləri bu təzyiqə davam gətirə bilmir. Yığılan bu problemləri həll etmək üçün böyük vəsait və zəhmət tələb olunur”.
Qeyd edək ki, paytaxta yağan yağışdan sonra Sabunçu və bir sıra ərazilərdə küçələri və bir çox evləri su basıb.