Koreyaya gəlin köçən azərbaycanlı aktrisa: “Atam dedi ki, adətlərimizə uyğun elçi gəlsinlər”

“Koreyada restorana girmək üçün ayaqqabılarını çıxarmalısan”

 

“Qaynanam hazırda magistr təhsili alır”

 

Cənubi Koreda yaşayan azərbaycanlı gənc aktrisa, müəllim Ümman Rzayevanın Modern.az-a müsahibəsini təqdim edirik:

 

–  İstərdik oxucularımıza özünüz haqqında məlumat verəsiniz.

 

– Adım Ümman Lee (Rzayeva). 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Naxçıvanda 11 saylı məktəbdə almışam. ADPU bakalavr məzunu, ADNSU MBA məzunuyam. Koreyada 2019-cu ildən, amma yaşayış izinli viza (və ya evlilik vizası)  ilə tam olaraq 2020-ci ilin yanvar ayından yaşayıram. Təhsilimi Azərbaycanda tam başa vurub gəldiyim üçün Koreyada təhsil almaq ehtiyacım olmayıb. Maraq dairəmə uyğun olduğu üçün gələcəkdə aktyorluq təhsili (ən azından kurs səviyyəsində olsa belə) almaq istəyirəm. Bu arada koreyalılar üçün təhsilin yaşı yoxdur deyə bilərəm. Məsələn, mənim qaynanam hazırda magistr təhsili alır.

 

– Artıq bir neçə ildir fərqli ölkədə yaşayırsınız. Koreya və Azərbaycan arasında mədəniyyət, insanların yaşayışı, həyat tərzi baxımından nə kimi oxşarlıqlar var?

 

– Koreya ilə Azərbaycan arasında mədəniyyətlər baxımından fərqliliklərdən çox oxşarlıqlar var. Amma insanlar və onların həyat tərzi baxımından fərqliliklər daha çoxdur. Buna səbəb Koreyanın elm və texnologiya baxımından ən inkişaf etmiş ölkələrdən biri olmasıdır. İlk olaraq oxşarlıqdan danışsaq, Koreyada insanların ailə və böyüklərinə olan hörməti bizimlə eyndir. Mənə ən maraqlı gələn şeylərdən biri koreyalıların da yazın gəlişini və yeni ilin başlanğıcı olaraq qeyd etdikləri bayramların olmasıdır. Eyniylə onlar da bizim Novruz bayramı kimi bayram qeyd edirlər. Koreyada isə bu bayram “Solnal” adlanır. Təxminən bizim Novruz bayramından bir ay öncə qeyd olunur. Koreyalılar bu bayrama təmtəraqla hazırlaşırlar. Xüsusi bayram yeməkləri hazırlanır, ailə üzvləri bir araya gəlir. Bundan başqa ailə böyüklərini ziyrətə gedilir. Digər bir oxşarlıq nə qədər inkişaf etmiş ölkə olsa da, insanların keçmişdən gələn bəzi adət-ənənələrini qoruyub saxlamasıdır. Məsələn, bizim keçmişdən bəri yerdə süfrə qurmaq, palaz açıb yerdə yatmaq, oturmaq kimi adətlərimiz var. Hazırda hər bir rayon və kəndlərimizdə bu cür yaşayan insanlar var. Koreyada isə əsasən yaşlı insanlar şəhərin mərkəzi yerlərində yaşasalar belə evdə müasir divanlar olsa da, yenə yerdə yatmaq və süfrə qurmaq kimi adətləri davam etdirirlər. Məni Koreyaya gəldiyimdə ilk təəccübləndirən şeylərdən biri də bu üsulda olan restoranları görmək idi. Yəni restorana ayaqqabıları çıxarıb daxil olub, sonra yerdə qurulan azca hündürlükdə olan stolun ətrafında döşəkçələr üstündə əyləşmək idi. Bu arada digər bir mədəni oxşarlığımız odur ki, koreyalılar da bizim kimi yaşadığı evlərə ayqqabılarını çıxararaq daxil olur.

 

 

– Bəs fərqliliklər nələrdir?

 

– Fərqliliklərdən danışsaq, əgər ilk gəldiyimdə mənə çətinlik yaradan ən böyük şey mətbəxlərimizin tamamilə fərqli olması idi. Koreyada dəniz məhsullarından və donuz ətindən çox istifadə olunur. Ona görə ilk gəldiyimdə dəniz məhsullarının iyinə həssas olduğum üçün bir çox qidanı və yeməyi yeyə bilmirdim. Donuz ətindən istifadə etmirəm. Hətta həyat yoldaşım da mənimlə tanış olandan bəri istifadə etmir. İlk günlərdən Koreya dilini yaxşı bilmədiyim üçün mənə həmişə qidaların tərkibini araşdırmaqda kömək edirdi. Məncə, bu, Koreyada qarşılaşa biləcəyimiz çətinliklərdən biridir. Koreya dilində bilməyənlər üçün problem ola bilər. Koreyada bir çox qidaların, həttə konfet, şirniyyat və digər paket qidaların içində donuz məhsulları (jelatin və s) ola bilər. Hər dəfə qidaların tərkibini oxumaq, baxmaq lazım gəlir. Digər bir fərqlilik, amma məni həm çox təəccübləndirib, həm də heyran edən bir şey olmuşdu. Bu da koreyalıların sıra mədəniyyətidir. Avtobus, metro dayanacaqlarında, market, restoran, hətta COVID vaxtı aptek önlərində insanlar hər zaman səliqəli şəkildə sıraya düzülüb öz növbəsini gözləyirdilər. Dayanacağa kim ilk çatsa, avtobusa o ilk minir, digərləri də eyni ardıcıllıqla davam edir. Ən sevdiyim şeylərdən biri avtobus və qatarların heç vaxt gecikməməsidir. Avrtobuslar dayanacaqda quraşdırılan kiçik ekranda göstərilən vaxtda gəlib çatır. Hətta Koreyada nəqliyatın gəliş-gediş vaxtını telefona yüklənilən proqram vasitəsilə istədiyiniz zaman yoxlaya bilərsiniz.

 

– Koreyada yaşamağın müsbət və ya mənfi tərəfləri nələrdir?

 

– Koreya kimi böyük və inkişaf etmiş ölkədə yaşamağın müsbət tərəfləri çoxdur. Məsələn, dünyada tanınmış “Samsung”, “LG”, “Hyundai” kimi böyük şirkətələrin vətənidir. Təhsili güclüdür, internet çox sürətlidir. Asiya ölkəsi olmasına baxmayaraq, Avropa, Amerika ölkələrinin insanları tərəfindən musiqi və filmləri çox sevilir, sırf buna görə bu ölkəyə gəlib yaşamaq istəyən gəncələrin sayı getdikcə artır. İnsanları bir-birlərinə hörmət çərçivəsində çox rahat və sərbəstdirlər. Yəni kimsə kimsənin həyat tərzini, seçiminə qarışmaz, bir kimsəyə zərər verəcək işlər görmədikcə kiminsə qınaq və ya qeybət obyektinə çevrilməz. Mənfi tərəflərindən danışsaq, insanlar arasında bir məsafə, soyuqluq var deyə bilərəm. Yəni eyni məhəllədə belə deyil, bir mərtəbədə yaşayan insanla bir-birilərini tanımaz. Qonşuluq münasibəti yox səviyəsindədir. Bir də mənfidən çox çətin tərəflərindən biri xarici olaraq ailə və sevdiklərindən, dostlarından uzaqda tək yaşamaqdır. Mənim ən azından yoldaşıma görə koreyalı ailə, dost tanışım var, amma düşünürəm, bir tələbə və ya iş üçün gəlib burada yaşamalı olsaydım, həyat çox daha çətin olardı.

 

 

 – Bildiyimizə görə, siz Koreya vətəndaşı ilə ailə həyatı qurmusunuz. Maraqlıdır, tanışlığınız necə olub?

 

– Yoldaşım Seungree Lee (Victor) koreyalıdır. 2019-cu ildə ailə həyatı qurmuşuq. Toyumuz eyni ildə həm Azərbaycanda, həm də Koreyada olub. Tanışlıq hekayəmiz uzundur, qısaca desəm, biz tanış olarkən o Avstraliyada işləyirdi və hətta artıq o ölkənin vətəndaşlığını almaq üzrə olduğu bir dönəmdə idi. Mən isə magistraturada son kursda oxuyurdum. Yoldaşımla dil mübadiləsi etdiyimiz bir poqram vasitəsi ilə tanış olmuşduq. İlk gündən ona ölkəmiz, mədəniyətimiz haqqında məlumatlar verməyə başlamışdım. Belə deyim ki həyatında ilk dəfə Azərbaycan haqqında məlumat alıb və mən də ilk tanıdığı azərbaycanlı olmuşam. Bu tanışlığın ikimiz üçün də nə qədər önəmli olduğunu anlamış olduğumuzda, Avstraliyadan Azərbaycana gəlmişdi. Sonradan mənim də Koreyanı nə qədər sevdiyimi bildiyi üçün Avstraliya ilə bağlı planlarını ləğv edib Koreyada yaşamaga qərar vermişdi.

 

– Ailəniz sizin koreyalı bəylə evlənməyini necə qarşıladı?

 

– Ailəmin reaksiyasına gəlincə, anam təbii olaraq uzaq ölkəyə qız verməkdən qorxmuşdu. Baxmayaraq ki, anam hər zaman Koreya film və seriallarını izlədiyi üçün o ölkəni çox bəyənirdi, amma reallığa gəldikdə həm dil fərqi, uzaq məsafə, mədəniyyətlər, həm də tanımadığı bir insana güvənmək məsələsi onu çox narahat edirdi. Amma atam ilk gündən məsələnin ciddiyyətini anlamışdı. Atam insanları heç vaxt milliyyət, din, irq olaraq ayırmazdı. O, bütün insanların eyni yerdən gəlib, eyni dünyanın övladları olma fikri ilə böyüdüb bizi. Uzaq eldən həm zaman, həm qazancını sərf edərək valideynlər ilə görüşə gələn bir gəncin ən azından qarşımıza alıb fikrilərini dinləməliyik demişdi. Elə ilk görüşdən yoldaşımın dünyagörüşü, atamın verdiyi suallara cavablarını valideynlərim çox bəyənmişdi. Atam ona adət-ənənəmizə uyğun olaraq valideynlərin elçi gəlməli olduğunu demişdi. Növbəti görüşdə yoldaşım valideynləri ilə Azərbaycana gəldi, elçilik və nişan mərasimləri oldu.

 

 

– Hazırda Koreyada nə işlə məşğulolursunuz?

 

– Koreyaya ilk gələndə maraq dairəmə uyğun olaraq frilans modellik edirdim. Reklam, film və seiallarda yardımçı aktyor olaraq çalışmışam. Buna səbəb mənim uşaqlıqdan bu sahəyə marağımın olmasıdır. Digər səbəb isə Azərbaycanda valideynlərimin aktyor olmasıdır. Uşaqlıqdan biz teatr, səhnə zalında böyümüşük. Böyüyəndə də bu sahəni davam etdirmək istəmişəm. Koreyada bir xarici olaraq reklam çəkilişlərinə dəvət alıram. Bundan başqa, ötən ildən etibarən ingilis dili müəllimi olaraq çalışıram. Dəvət aldıqca eventlərdə iştirak edirəm. 

 

– Siz həm də bir neçə TV şoularda iştirak etmisiniz. Koreya kimi ölkədə Azərbaycanı tanıtmaq istiqamətində hansı işləri görürsünüz? 

 

– Koreyada xaricilərin həyatlarından bəhs edən veriliş var. Ora uzun zaman sonra dəvət alan ilk azərbaycanlıyam. Əvvəllər çox həyacanlı idim. Verilişə hazırlaşmağıma Koreyadakı ailəm də çox dəstək olmuşdu. Amma təəssüf etdiyim bir məqam var idi. Həmin proqramda Azərbaycan haqqında çox danışsam da, dediklərimin böyük bir hissəsi çıxarılmışdı. Çünki Koreyada izləyiciclər daha çox öz ölkələri haqqında məlumat almaq istəyirlər. Proqramda sadəcə Azərbaycanın harada yerləşdiyi və bir neçə məlumat qeyd olunmuşdu. Bu, mənim təəssüf etdiyim məqamlardan biri idi. İstərdim ki, Koreyada Azərbaycanı təmsil edəcək ən azı “Youtube” kanalımız olsun. Buraya Koreya dilində Azərbaycan haqqında məlumatlar yerləşdirilə bilər. Eyni zamanda Azərbaycan filmləri Koreya dilində alt yazı ilə dərc oluna bilər. Xaricilər bizdən Azərbaycan haqqında məlumat istəyərkən o kanalı məsləhət görə bilərik.

 

 

– Koreyaya gəlin köçərkən adətlərdə nə kimi fərqliliklərlə qarşılaşdınız?  

 

– Koreyaya gəlin gedəndə, yəni toydan sonra mənə ilk qəribə gələn adətodur ki, gəlinlər milli geyim olan “Hamboq” geyinir və ailə böyüklərini salamlamağa gedirlər. Bizdə həmin görüş Koreyanın bayramı olan “Ç soq” ilə üst-üstə düşmüşdü. Onların milli geyimi ilə gedib yoldaşımın ailəsini salamlamışdım. Bu hadisə mənim üçün çox maraqlı və qeyri-adi gəlmişdi. Çünki koreyalılar böyükləri salamlayanda onların qarşısında əyilirlər. 

 

– Koreyada azərbaycanlıların diaspor fəaliyyəti necədir və gələcək hədəfləriniz nədən ibarətdir?

 

– Sosial media üzərindən ölkəmiz haqqında bacardığımız qədər çox məlumatlar paylaşırıq. Azərbaycandan gələn tələbələr bu məsələdə çox aktivdir. Həmçinin, mənim kimi Koreyada ailə quranların da fəaliyyəti çox böyükdür. Gələcək hədəflərimizi yalnız öz adımdan deyə bilərəm. Ən çox istədiyim “Youtube” kanalımın izləyicilərinin sayını çoxaltmaq və bununla da ölkəmizi daha çox insana tanıtmaqdır. Tez-tez başqa “Youtube” kanallarından da dəvət alıram. Hətta, bir neçə ay öncə xaricilər haqqında veriliş hazırlayan məşhur “Youtube” kanallarında biri mənim ailəmi Koreyaya dəvət etmişdi. Anamla qardaşım həmin verilişə qoşularaq, ölkəmiz haqqında məlumat verib, Koreya və Azərbaycan mədəniyyətləri barədə danışmışdılar. Bu da koreyalıların çox böyük marağına səbəb olmuşdu. Onların hər biri Azərbaycan haqqında xoş sözlər yazırdılar. Ətrafımda olan insanların hər biri artıq Azərbaycan haqqında məlumatlıdırlar. Mən bu işə hər zaman davam edəcəyəm.

 

– Son olaraq bilmək istərdik, ölkədə hər hansı irqçiliklə qarşılaşmısınızmı?  

 

– Mən indiyə qədər Koreyada özümə qarşı irqçilik görməmişəm. Əslində bütün ölkələrdə bu problem var. Koreyada da ola bilər ki, kimlərsə irqçiliklə qarşılaşsın, ancaq mənim başıma gəlməyib. Çünki mənim ətrafımda hər zaman dünya görüşü olan yaxşı insanlar olub. Belə düşünürəm ki, siz necə insansınızsa, getdiyiniz ölkədə də o cür şəxsləri cəlb edəcəksiniz. Yəni əgər siz irqçi bir insan deyilsizsə, belə problemlə qarşılaşmayacaqsınız.

 

Mənbə

Share: