Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fund.gov.az) fəaliyyətə başlayıb.
Saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür.
Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.