Kuleba Rusiyanın təbliğat mediasının tamamilə qadağan edilməsini istədi

“Qoy donub çürüsünlər…”

 

Rusiya televiziyasının arzusu və Kiyevin cavabı…

 

“Ukraynalı uşaqları çayda batırmaq və diri-diri yandırmaq lazımdır…”

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına Rusiyanın təbliğat mediasının soyqırımı qızışdırdığına görə tamamilə qadağan edilməsinə çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. Məlumatı “Ukrnet” nəşri yayıb.

 

Kuleba bununla rusiyalı siyasi xadimlərin Ukrayna xalqı üçün dözülməz həyat şəraitinin yaradılmasına çağırışlarını şərh edib.

 

Belə ki, Rusiyanın NTV telekanalında “Svoya pravda” (“Öz həqiqətim”) tok-şousunun iştirakçılarından biri, Dövlət Dumasının üzvü Boris Şernışov bəyan edib ki, Ukraynaya raket zərbələri rusiyalıların ukraynalılara “müqəddəs nifrətinin təzahürüdür” və onlar “donmalı və çürüməlidir”.

 

Verilişin digər iştirakçısı, politoloq Vladimir Sergiyenko birbaşa bəyan edib ki, mülki infrastruktura zərbələrin məqsədi Ukraynanı “mülki əhali üçün dözülməz şəraitlər əsasında” təslim olmağa vadar etməkdir.

 

Kuleba belə çağırışları soyqırımı qızışdırmaq adlandırıb.

 

“Onlar etiraf edir ki, Rusiya kritik mühüm infrastrukturunu dinc əhali üçün dözülməz həyat şəraiti yaratmaq üçün bombalayır və yeni zərbələrə çağırış edir.

Rusiyanın dövlət təbliğatı Avropa İttifaqında və başqa ölkələrdə tamamilə qadağan edilməlidir”, – ukraynalı nazir bəyan edib.

 

Xatırladaq ki, oktyabrın 23-də rusiyalı teleaparıcı Anton Krasovski yazıçı Sergey Lukyananko ilə söhbətində ukraynalı uşaqları çayda batırmağı və diri-diri yandırmağı təklif edib.

 

Bu qaniçən bəyanatdan sonra Dmitri Kuleba “Rusiya bu gün” dövlət holdinqinin bütün təbliğat mediasının qlobal qadağan edilməsinə çağırış edib.

 

Oktyabrın 24-də RT-nin baş redaktoru Marqarita Simonyan məlumat verib ki, Krasovski ilə əməkdaşlığı dayandırır, çünki “onun fikirləri vəhşi və ikrahedicidir”.

 

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin bununla bağlı araşdırma aparılması üçün tapşırıq verib. Lakin 9 gündən sonra Krasovski RT telekanalının efirinə dönüb.

Mənbə

Share: