Kənddə yaşayanda Bakını və iri şəhərləri televizorda görürdüm. Təmiz ,enli, işıqlı küçələr, bahalı maşınlar, dəniz dalğaları və bu dalğalara özünü çırpan qağayılar və s.Düşünürdüm ki, İlahi, o yerləri gəzməyi mənə qismət edəcəksən?
Televizora baxdığım eyvanımızdan kəndimizi aypara şəkilli əhatə etmiş yam-yaşıl meşə görünür. Axşamlar ulduzlar və ay o qədər yaxın olur, sanki onlar günəş kimi hər yeri işıqlandırır . Həyətə düşəndə itimiz ayağımın altında uzanırdı. Səhər tezdən yeni sağılmış südü bəyənmirdim. Hələ meşə odununda bişirilən təndir çörəyini demirəm. Sərin su üçün soyuducuya və su filtirinə ehtiyac yox idi. Qabdan götür, iç.. Amma onların heç birini görmürdüm, duymurdum. Indi o vaxt xəyal qurduğum şəhərdəyəm, fikrimdə kiçik kənd evi və yuxarıda qiymətini bilmədiyim şəraitdi.
Bəli, insan heç vaxt nail olduğu uğurun, ona yazılmış qismətin xoşbəxtliyini yaşaya bilmir, yanında olanın qədrini bilmir. Allahın ona verdiyi sağlamlığa görə şükür etmir. Daim narazıdır.
Düzdür, bəzən ayda 10 min qazanaraq üsyan edəni, bəzən də 250 manat pensiya alıb şükür edəni də gördüm. Hər cür insan var bu dünyada, çalışaq olanlarımızla xoşbəxt olaq, olmayanlarla bədbəxt olmayaq. Intihardan uzaq olaq. Intihar çıxış yolu deyil. Canımız da bizə əmanətdir, sevdiklərimiz də..Onları incitməyək.
Intiharla ruhu ölmüş məmurları azmış yolundan döndərmək mümkün deyil; Həbs olunurlar düzəlmirlər, güllələnirlər düzəlmirlər, intiharla düzələcəklər? Dəyməz!
Aviabiletlərin baha olmasına etiraz edirik, quru sərhədləri bağlayırlar.Qazimiz dolanışıq ucbatından intihar etdi, benzini qaldırdılar. TIR sürücüləri Gömrükdəki özbaşınalığa etiraz olaraq yolu bağladılar, cavab olaraq həbs eləyib üzr istəddilər. Benizinin qiyməti qalxdı, əgər buna da etiraz etsək, sərt karantin rejimi tətbiq edib, küçəyə həsrət qoyacaqlar. Bizi ya xristian cadusu ilə, ya müsəlman tilsimi ilə lənətləyiblər.
Lənətlənmiş həyatımızda heç olmasa şirin canımıza qıymayaq… Günahdır!
Talıb Əhədov
Millətin Səsi.az