Laçın… adı çəkənin nəslini kəsənlər var!

Arazı keçənlər var,
Suyundan içənlər var,
Çəkmə Laçın adını
Ürəyi keçənlər var!
Bu bayatı-mahnını tanıdığım həm də məlahətli səsi olan bir jurnalist xanım elə yanğıyla oxuyurdu ki!!! Amma və lakin… “Laçın” əvəzinə “Rövşən” deyirdi – Rövsən Cavadova görə! Təkrar oxuyanda “Laçın” deyirdi!
QƏTİ QƏNAƏTİMDİR: 2001-ci ildən yazmışam, demişəm, əməlimdə sərgiləmişəm, bu gün də üstündə dururam o fikrin ki, Azərbaycanın hər bir küçəsini haralı olmağından asılı olmayaraq, hər kəs öz küçəsi misalı vətən bilməlidir – lənkəranlı Laçını Lənkəran, ağcabədili Astaranı Ağcabədi, şuşalı Şəkini Şuşa saymalıdır, uğrunda öləcəyi kimi ölməlidir, üstündə gəzib kef edəcəyi kimi kef etməlidir!
Bu günə qədər də üç-beş nəfərdən başqa bunu bir kimsədə görmədim, onlar üçün də… qələm və nitq vəzifə, sərvət, şöhrət anlamında olduğundan sözdə performans yapdılar!
Və məni həmişə incidən o olub ki, bizim yazarlar (şairli-nasirli, müxbirli-publisistli) meydanda metaforayla, düşüncədə litotayla yanaşdılar söhbətin məğzinə-mövzusuna-hədəfinə! Bədii təsvir və ifadə vasitələri kütləni “daha çox aldadıb əldə etmək” anlamı daşıdı! Vətənpərvərliyin süjet xəttində heç bir halda xilas üçün kompozisiya qurulmadı, kulminasiyaya azadlıq yüksəlmədi, əvvəldən düyünlənən mətləblərin açılması… ona gətirib çıxartdı ki, biz hamımız… satqın imişik, peysər imişik!
Çar Rusiyasının və SSRİ xüsusi xidmət orqanlarının kütləni əldə saxlamaq üçün çeynəməyə ağızlara atdığı bəlli konsepsiyaları adı, soyadı, doğuluşu özümüzə məxsus “dahilərin”, “öndərlərin” vasitəsiylə qanımıza-canımıza, beynimizə yeridildi!
Vəəə… biz heç vaxt bilmədik… Azərbaycanın sanbalını, biz heç vaxt bilmədik öz gücümüzü-qüdrətimizi!
Yazdıqsa da, dediksə də, bir mandat alanacan yazdıq-dedik, bir ev verilənəcən guruldadıq, bir banderol sahibi olanacan qımıldandıq, bir məşuqəylə saunada ayrıcalıqda köpü yatdı çoşqumuzun!
Əslində… biz fərqinə varmadıq ki, kərtənkələyə mühərrik qoymaqla məşğuluq!
Əslində…
Götürək elə Laçını, Azərbaycan tam ayrıcalıqda qalsın!
Laçından yazılan ən balaca yazının həcmi-miqyası… 1 835 km² olmalıdır – qəzet və kitab səhifəsinə uyğunlaşdırmaq proqramçıların işi olsun!
Laçından yazılan ən balaca yazının hündürlüyü-ucalığı 1.164 m olmalıdır! Ki… yazının möhtəşəmliyinə-ucalığına baxanda başından papağın düşsün!
Laçından yazılan ən balaca yazının oxucu sayı ən azından 79 905 nəfər olmalıdır!
Laçından yazılan ən balaca yazının tamaşasına şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistan durmalıdır!
Laçından yazılan ən balaca yazını oxumağa da gərəkərsə… Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olan yolu LAP PİYADA getmək lazımdır!
Laçından yazılan ən balaca yazını oxumağa nəfəsin çatmasa, zövq almaq üçün 82 avtobus dayanacağında nəfəsini dərəsən, 2130 km uzunluğunda avtomobil yolunu atla-eşşəklə birtəhər-bircür keçəsən, 92 ədəd körpüdən adlayasan, 1187 km uzunluğunda su kəmərinin üstündən o yana hoppanasan, bu yana hoppanasan, bulaqlardan su içib sərinlənə-sərinlənə 33 su anbarının da camaata azlıq etdiyinə əmin olasan, 15 km uzunluğunda mərkəzi kanalizasiya sistemindən yararlanıb təbii ehtiyaclarını ödəyəsən, 20 km uzunluğunda istilik şəbəkəsinin hesabına mənfi 10 dərəcə soyuqda qızınasan, 14 hamamda çiməsən, 8 yanacaq doldurma stansiyasında “zapravka” edəsən, 2636 km uzunluğunda elektrik hava xəttinin, 498 km uzunluğunda qaz kəmərinin, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xəttinin, 3 ədəd televiziya stansiyası və ötürücünün DAĞLIQ ƏRAZİDƏ yaratdığı təbii və ilahi, inzibati möhtəşəm kompozisiyanın panoramından zövq alasan!
Amma həm də bir şərtlə ki, Laçından yazılan ən balaca yazıda gərək SEVGİNİ SƏCDƏNƏ BƏLƏYİB TƏZİM EDƏSƏN:
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Ələsgər Xanlar oğlu Novruzova, Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsi iştirakçısı Əvəz Həşim oğlu Verdiyevə, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Fazil Umud oğlu Mehdiyevə, Firudin Bəy Daryalıya – ordu generalına, İskəndər bəy Sultanova – daşnaksütyun və erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısına, İsrafil Şahverdi oğlu Şahverdiyevə – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısına, Kamil Baladə oğlu Nəsibova – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısına, Müseyib İlyasova – Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdirinə, Nurməmməd bəy Adilxan oğlu Şahsuvarova – Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədrinə, Oqtay Güləli oğlu Güləliyevə – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısına, Qara Murtuza bəyə – XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyəsinin bəyinə, Qorxmaz Abış oğlu Eyvazova – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısına, Rövşən Cavadov – Azərbaycan Daxili İşlər nazirinin müavini, OMON-nun komandirinə, Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığına, Sultan bəy Sultanov – xalq qəhrəmanına, Vüqar Novruzova – hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədrinə, Xanlar Məmmədov — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvünə, Xosrov bəy Sultanov – həkim, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general-qubernatoruna, Zöhrab Qarayev – Azərbaycan Dövlət Tibb Universitetinin professoruna… və hesab etməyin ki, bununla varlığına minnətdar olduqlarınızn sayı bitdi: hələ Ağa Laçınlı var üç oğluyla, hələ AriF Paşa var batalyonuyla, hələ Şərif Ağ(ayar) var.
Hələ o qədər var ki…
Hər şey, hər kim var, amma və lakin… Laçın yoxdur!
Amma… amma… amma… Laçının üstündə Xaçın knyazlığının adı olduğu kimi, Azərbaycanın da ADI var! İmkan vermək olmaz ki, Xaçın knyazlığından sonra Azərbaycanın adı əbədilikdən məhrum olsun!
İlk dəfədir ki, yazımda döyüş ritorikasına köklənmirəm! Laçın döyüşlə alınası qala deyil! Bizim elə ordumuz yoxdur! Bizim erməniylə istənilən BƏRABƏRMİQYASLI döyüş qəhrəmanlarımız qədərindən artıq olsa da, biz artıq Laçının o üzündə bir neçə ölkənin (Rusiyanın, İranın, PKK-nın, Avropa və Amerikanın erməni lobbisinin) ordusunun yerləşməsinə imkan vermişik!
Mən hərbçi olmasam da, sərkərdəlik elmini az-çox öyrənmişəm – “Jukov variantı” (saysız-hesabsız canlı qüvvənin qurban verilməsi – cəsədlər üstündə qələbə) yaramır, “Pirr qələbəsi” (sonuncu döyüşçüyədək vuruşub qələbəni qeyd etməyə kimsənin qalmaması) əhəmiyyətsizdir. Bu xalqın gözünü qıracaq istənilən döyüş məğlubiyyəti yolverilməzdir: hələ iqtidarla savaşda tapdanan müxalifətə inamı itirmişik, döyüş məğlubiyyəti isə bizim belimizi qıracaq! 21-ci əsrin qələbə modelini tapmaq lazımdır!
Mən inanıram ki, bu xalqın içində təpə almaqla generallığa yüksələnlərlə olmasa da, Laçını döyüşlə ala biləcək generallar var, amma DANIŞIQLAR YOLUYLA QƏLƏBƏYƏ APARANLARI dəyişmək lazımdır! Onlar danışıq aparmır – onlar yeyib-içib anekdot danışırlar… Laçını bizdən alanlarla!
Və faciə odur ki… onları dəstəkləyən də elə laçınlılardır, lənkəranlılardır, şəkililərdir, yəni azərbaycanlılardır!
Bugünkü azərbaycanlılarla Laçın azad olunmaz!
Həm danışıq aparanlar dəyişilməlidir, həm də azərbaycanlılar!
Bir zamanlar həm də Laçının olan Kəlbəcərdən (Ağstafa da Qazaxın olduğu kimi) bir dostum danışıb:
Müəllim uşaqlardan soruşur ki, kim nəçi olacaq, hərə bir ixtisas deyir, pasportstolda işləyən birinin Hacı adlı oğlu da deyir ki, mən valideyn olacam! Müəllim soruşur ki, o nə demək?
Hacı deyir:
– Müəllim, demirsiniz ki, kommunizm qurmaq üçün gənc nəsil yetişdirmək lazımdır, mən də valideyn olub gənc nəsil yetişdirəcəm də!
Biz indi Laçını almaq üçün gənc nəsil yetişdirməliyik! Azərbaycan valideyn olmalıdır! Azərbaycan indi nə iş görür, onu da elə o Hacının dediyiylə deyim. Çografiya müəllimi dərsdə danışır ki, Yaponiyada texnologiya o qədər inkişaf edib ki, dəzgaha bu yandan donuz salırsan, o yandan kolbasa çıxır!
Hacı soruşur:
– Müəllim, olmaz ki, bu yandan kolbasa salasan, o yandan donuz çıxa?
Müəllim sakitcə deyir:
– Hacı, olar, əlbəttə, olar! Amma onu yaponların və başqasının etməyinə ehtiyac yoxdur, onu dədən edib artıq!
Vəziyyət bu qədər faciəli: torpaq 28 ildir işğal altında, 28 partiya bir araya gələ bilmir 28 ildir, 1 partiya 28 ildir “kolbasayla donuz istehsalı” ilə məşğuldur! Təkcə may ayında hər 10 gündən bir bir faciə varımızdır… 8-də Şuşa (döyüşlə alınması müşkül), 18-də Laçın (döyüşlə alınması müşkül), 28-də… Respublika günü… müstəqilliyin döyüşsüz təslimi üfüqdə – “Şuşa, Laçın, Kəlbəcər kimi…” yazmağı rəva görmürəm!
ÇÜNKİ:
Ermənistanın işğalı nəticəsində: 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonuna, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Bütün bunlar fakt ola-ola… “bizə bu xoş dövranda, ay mənim əzizlərim, şən nəğmələr yaraşır”?
SÖZARASI:
Həmişəki kasıb və ehtiyaclı günlərimizdən biriydi. “Keçid” yaşındaydım. Qan qaynayırdı… əyin yalın, mədə boş olsa da! Təzə-təzə həyata açılışırdım, anekdot öyrənirdim, qız sevmək eşqinə düşmüşdüm, mahnı oxuyurdum… qıraqdan seyrimi vuran Atam bircə kəlmə dedi: hansı gününə oxuyursan, gülürsən?
… Hər gün oxuduqlarımıza, baxdıqlarımıza, eşitdiklərimizə görə… “bunlar nə yeyib-içir?” deməyimizin yeri var? Məlum deyil ki, bizim “analoqsuz inkişaf”ımız nəticəsində hansı “məhsul”lar istehsal olunur? Neftdən gələn gəlirlərin “insan kapitalı”na “çevrilməsi” sayəsində… Elman Nəsirovumuz, Sahib Alıyevimiz, Siyavuş Novruzovumuz, Hadı Rəcəblimiz, Nigar Arpadaraimiz, Pərvin Kərimzadəmiz, İbrahim Məmmədlimiz var, sadəcə…
YAZI ÜÇÜN bir Laçın RƏVAYƏTi:
Laçınlı Sultan bəyin döyüş qəhrəmanlıqlarından bir xatirə kimi kürd əsilli dostum danışıb:
– Sultan bəy döyüşdə qardaşıyla qalır, ikisi atışır ermənilərlə! Qardaşı Sultan bəyi haylayır ki, bəs yaralandım, ölürəm. Sultan bəy yaxınlaşır, görür ki, bağırsaqlar tökülür çölə. Birtəhər-bircür əlinə keçənlə qarnını sarıyır və yalvararaq əmr edir ki, ölmə, döyüş, Laçın əldən gedər e sən ölsən!
Həqiqətmi, ya nə, deyəmmərəm, amma möcüzə olmağı dəqiq: Laçın da qalır, qardaş da ölmür! Çünki ONDA döyüşürdülər.
Laçın üçün haçan döyüşüblərsə, Laçın bizim olub!
Döyüş ritorikasına köklənməsəm də, yenə deyirəm: Laçın üçün döyüşmək lazımdır – Sultan bəy və qardaşı kimi!
Laçın bizim olacaq!
Onda oxumağa da, gülməyə də dəyər!
Birlikdə oxuyarıq – kürdlü, türklü, ləzgili, talışlı, saxurlu, hapıtlı, avarlı və hətta… ermənili:
Arazı keçənlər var,
Suyundan içənlər var,
Çəkmə Laçın adını!
Laçın adı çəkənin
Nəslini kəsənlər var!
p.s. Amma elə edək ki… biz BELƏ oxuyaq, bizim üçün ELƏ oxumasınlar! Belə getsə… oxuya da bilərlər!
Aydın Canıyev
Miq.az
Share: