
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. Ertəsi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı olub. Eləcə də rayonda 5 ulduzlu otel fəaliyyət göstərəcək.
Laçında, həmçinin kanat fəaliyyət göstərəcək. Bu kanat xətti bölgəyə gələcək turistlər üçün əlavə maraqlı imkanlar yaradacaq.
Layihələrin hər biri Laçının turizm xəritəsində önəmli yer tutmasına xidmət edir. Mütəxəssislər hesab edirlər ki, bu infrastrukturun qurulması bölgəyə daha çox yerli və xarici turistin cəlb olunmasına təkan verəcək. Eyni zamanda, açılan hava limanı Laçını regionun hava nəqliyyatı baxımından mühüm qovşaqlarından birinə çevirəcək.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bildirib ki, 2020-ci ildən bu yana Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri görülür və proses davam etməkdədir:
“Bu bölgədə vətəndaşlarımız üçün yeni infrastruktur yaradılır, yeni kəndlər, şəhərlər salınır, iş yerləri açılır. Vətəndaşlarımızın öz evlərinə, doğma yurdlarına qayıdış təmin olunur”.
Deputat vurğulayıb ki, bölgədə turizmyönlü işlər də görülür:
“Çox qısa bir zamanda üç Beynəlxalq Hava Limanı inşa olunub, fəaliyyətə başlayıb. Eyni zamanda sürətli yollar salınıb, logistik imkanlar qurulub. Yeni otellər inşa olunub, fəaliyyətə başlayıb. Ümumiyyətlə, bu bölgənin çox böyük turizm potensialı var. Burada həm qış, həm də yay turizm imkanları mövcuddur. Qeyd etmək istərdim ki, yaxın gələcəkdə biz bu bölgədə xarici turistləri görəcəyik. Aparılan bütün bu işlərlə vətəndaşlarımızın bu bölgədə yaşaması, səfər etməsi imkanı genişlənir. Eyni zamanda xaricdən turistlər üçün də bölgəyə səfər etmək imkanı yaradacaq”.
“Laçında görülən işlər Azərbaycanın uğurudur”
Turizm eksperti Ceyhun Aşurov isə qeyd edib ki, Laçında görülən işlər Azərbaycanın uğurudur:
“Laçında istrahət komplekslərinin tikilməsi, bu cür infrastrukturun qurulması əlbəttə, insanların istirahəti, həmən yerlərə səfər etdikdə rahat qala biləcəkləri yerlə təmin edilməsi, əyləncə mərkəzlərinin olması, burada iri tədbir salonlarının olması böyük hadisədir. Təbii ki, bu, gələcəkdə burada mötəbər təbirlərin keçirilməsinə, turistlərin gəlməsi və asudə vaxtlarını rahat, mənalı, maraqlı keçirməsinə şərait yaradacaq. Kanat yolunun əsası qoyulub. Relyefi çətin, dağlıq ərazilərdə kanatın olması əlverişli nəqliyyat vasitəsidir, həm də turistlər üçün əlavə,maraqlı, cəlbedici faktorlardan biridir. İstər Şuşadan, istər Laçından olan kanat yolu gələcəkdə turistlərə, onların vaxtını daha maraqlı keçməsinə xidmət etmiş olacaq”.
Ekspert söyləyib ki, Beynəlxalq Hava Limanlarının gələcəkdə səmərəli çalışacağına ümid edilir:
“Birbaşa xaricdən uçuşların sayı artacaq. Hazırki dövrdə daha çox dövlət tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsini müşahidə edirik. Düşünürəm ki, bu cür tədbirlərin sayı artacaq. Eyni zmaanda, paytaxtımızda olan tədbirlərin bəziləri bu ərazilərdə keçiriləcək. Bu həm də tədbir iştirakçıları üçün orada iştirak etməklə əlavə olaraq həmin yerlərin kəşf olunub yaxından tanınmasına vasitə olacaq. Bütün xalqımız üçün işğaldan azad olunmuş əraziləri görmək, həyata keçirilən işlərlə tanış olmaq həm maraqlı, həm də qürurvericidir. Sırf bu məqsədlə son dövrlərdə bu ərazilərə səyahətin artdığını görürük. Yeni iş yerləri açılır. İnsanlar orada daha çox məskunlaşdıqca inanıram ki, ora ziyarətçilərin də sayı artacaq”.