Vladimir Putinin Federal Məclisə müraciətindən sonra bir daha bəşəriyyətin fəlakət ərəfəsində olduğuna şübhə yaranmır. Müraciət bitən kimi, ardınca ABŞ-ın Rusiyadakı səfirinin çağırılıb ultimatum verilməsi vəziyyətin daha da tündləşməsinə doğru getdiyini sübut edir. Sülhə doğru heç bir mesaj verilmədi, amma tədbirdə iştirak edən Rusiya cəmiyyəti üzvlərinin prezidentin çıxışından çox məmnun qaldıqları, Rusiyanı qalib görmək üçün son nəfəslərindək vuruşacaqları açıq hiss olunurdu. İmperiya ambisiyaları Rusiya cəmiyyətinin sıravi üzvündən tutmuş dövlət başçısınadək xarakterini müəyyənləşdirən faktordur.Ona görə də Ukrayna müharibəsinə Rusiya cəmiyyəti heç vaxt etiraz etmədi, edən ayrı-ayrı fərdlər heç dəryada bir damla da deyil.
Dünyanın bu bashabasına fikir vermədən biz öz problemimizə fokuslanmalıyıq. Necə deyərlər, bizli-bizsiz olan olacaq, dünyanın dərdi bizə qalmayıb, biz öz dərdimizə çarə tapmalıyıq. Problemimiz isə yeni deyil, köhnə dərddir. Dünyanın bu boyda problemi qarşısında bizim marağımız dünya üçün kiçik, bizim üçün isə çox böyük və əhəmiyyətlidir.
Hələ Münhen təhlükəsizlik konfransından xeyli əvvəllər də Laçın yolunda sərhəd nəzarət buraxılış postunun yaradılması haqqında mövqelər gündəmə gətirilib və bunun reallaşdığı halda Qarabağ münaqişəsində son nöqtənin qoyulmasının sürətlənəcəyi fikirləri də dəfələrlə tərəfimizdən səsləndirilib. Münhen konfransında ən yüksək səviyyədə bu məsələnin qaldırılması, ABŞ və Qərb nümayəndələrinin də bu işi anlaşıqla qarşılayıb məntiqli olduğu barədə mövqe nümayiş etdirməsi bizim diplomatik uğurumuzdur. Diplomatik uğur dediyimiz bu məsələ həyata keçdiyi halda isə.., uğur tamamlanır. Bu məqsədlə Azərbaycan Münhen uğurunu necə və nə zaman reallaşdıracaq?
Bizim sərhəd nəzarət buraxılış postumuzun yaradılması üçün ilk atacağımız addım Rusiya ilə məsələni tezliklə həll etməkdir. Bu məsələnin sülh müqaviləsi kimi süni şəkildə Rusiya tərəfindən uzadılmasına qəti şəkildə imkan verməməliyik. Burada Ermənistanın və ona havadar çıxmaq istəyən dövlətlərin, ayrı-ayrı siyasilərin, beynəlxalq təşkilatların mövqeyi heç bir əhəmiyyət kəsb etmir, onların məsələyə təsiri sıfıra bərabərdir. Məsələni Rusiya ilə danışaraq sülhməramlılarla birgə nəzarət mexanizmini detallı şəkildə hazırlamaq və həyata keçirmək lazımdır.
RF XİN rəhbəri Sergey Lavrovun fevralın sonunda Bakıya səfəri gözlənilir. Ola bilsin ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyanatının imzalanmasının bir illiyi ilə əlaqədar görüşlər səfərin görünən tərəfi olsun, amma Azərbaycan üçün nəzarət postunun yaradılmasını həll etmək əsas hədəf olmalıdır. Rusiya XİN rəhbərinin, Rusiyanın yerlə-göylə əlləşdiyi bir vaxtda balaca bir nəzarət postunun yaradılması məsələsi onlar üçün problem olmaya bilər. Həm də nəzərə alısa ki, Ermənistan sərhədinə Rusiyanın istəmədiyi Avropa İttifaqının komissiyası gəlib, həm də iki il müddətinə.
Avropa İttifaqının mülki komissiyası adlandırdıqları heyət artıq dünəndən fəaliyyətə başlayıb. Nümayəndə heyətinin içərisində polis və jandarmeriya işçilərinin olması onu göstərir ki, sərhəddə müşahidə peşəkar şəkildə aparılacaq və əsas diqqət də Laçın yoluna ayrılacaq. Bu komissiyanın gəlişini Rusiyanın etirazla, hətta qəzəblə qarşıadığı məlumdur. İki illik müddətə fəaliyyət göstərəcək bu komissiyanın əsas missiyası Rusiyanı Cənubi Qafqazdan çıxarmağa, ən azı təsirini azaltmağa hesablanıb. Biz situasiyadan yararlanmalıyıq. Laçın yolundakı ekoloji aksiyanın məntiqi sonluğu sərhəd nəzarət postunun yaradılması ilə yekunlaşmalıdır.
Nəzarət buraxılış postunun yaradılması elan olunan gündən başda Vardanyan olmaqla separatçı rejim liderlərinin, Xankəndidə olan başqa ölkələrin vətəndaşlarının, terrorçuların, ideoloji təxribatçıların Azərbaycan ərazisini tələsik tərk etməsinin şahidi olacağıq. Vardanyan fiquru haqqında bir daha Azərbaycan Respublikasının ərazisinə daxil olmasını qadağan edən deportasiya qərarı çıxarılmalıdır. Həm də yalnız onun üçün deyil…
Nəzarət postunun yaradılması qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını da həll edən addımdır. Nəzarət mexanizmi işə düşən kimi bütün qanunsuz silahlı dəstələrin çıxarılması üçün vaxt qoyub konkret bir günün içərisində ölkə ərazisini tərk etmək şərti qarşı tərəfə elan olunmalıdır.
Münhendə səsləndirilmiş bu vacib məsələnin vaxt uzatmadan üstünə gedilməlidir. Rusiyanın bu prosesə Ermənistanı hansısa formada cəlb etməsinə razılıq vermək olmaz, çünki belə olduqda sülh müqaviləsi kimi proses ucanacaq. Uzağı Novruz bayramınaLaçın yolunda Azərbaycan -Ermənistan dövlət sərhədində bizim nəzarət buraxılış postumuz bütün texniki avadanlığı və sərhədçiləri ilə fəaliyyətə başlamalıdır!
İlham İsmayıl