Laçın yolundakı aksiya 14-cü gündür davam edir

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, eko-fəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 14-cü gündür ki, davam edir.

Modern.az xəbər verir ki, dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” kimi şüarlar səsləndirirlər.

 

Havanın şaxtalı olmasına baxmayaraq, onlar aksiyanı aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların Şuşa şəhəri ərazisindəki postu yaxınlığında etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.

Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. 

Mənbə

Share: