“Laçın yolundakı aksiya məqsədinə nail olana qədər davam etməlidir”

“Laçın yolunda keçirilən aksiya öz məqsədinə nail olana qədər davam etməlidir”.

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib. 

 

Onun sözlərinə görə, bu, Azərbaycan cəmiyyətinin, ictimai təşkilatların, ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumların nümayəndələrinin, ekoloji mühiti təmiz görmək istəyənlərin və təbii ki, Azərbaycan ərazilərinin bir hissəsində faydalı qazıntı yataqlarının istismarına etiraz edən insanların aksiyasıdır: “Ona görə də irəli sürülən tələblər yerinə yetirilənə qədər bu aksiya davam etməlidir. Bu, vətəndaş cəmiyyətinin səsidir və hesab edirəm ki, çox uğurlu taktika və şüarlar seçilib. Bu aksiya bütün dünyanın bu dəqiqə məşğul olduğu Yaşıllar hərəkatının ekologiyanı, atmosferi, təbii sərvətləri, insanı yaşada biləcək ekoloji mühiti qoruyub saxlamaq uğrunda apardığı hərakatın bir parçasıdır. Ona görə də aksiya öz məqsədinə nail olana qədər davam etməlidir”. 

 

“Əlbəttə ki, burada siyasi nüanslar da var. Çünki işğal altında olan bir ərazidən söhbət gedir və istər-istəməz orada atılan addımlara, Azərbaycan təbiətini, maddi sərvətlərini dağıtmağa yönələn istənilən etiraz, şübhəsiz ki, həm də müəyyən mənada siyasi çalar daşıyır. Bu baxımdan, erirazçıların tələbləri haqlı, istəkləri normaldır. Çünki bu tələblər bütün Azərbaycan cəmiyyətinin fikrini ifadə edir”, – deyə professor əlavə edib.

 

Mərahim Nəsib

Mənbə

Share: