Laçında ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu

Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

 

Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

 

Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.

 

Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.

 

Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.

 

Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoydu.

 

 

***

 

Prezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.

 

Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.

Mənbə

Share: