Lavrov, Mirzoyan və Bayramov bu məsələləri müzakirə etdilər

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini və digər məsələləri müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.


Nazirlər bu gün Qazaxıstanda MDB Nazirlər Şurasının iclası çərçivəsində üçtərəfli görüş keçiriblər.

 

“Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Rusiyanın delimitasiya ilə bağlı məsləhət yardımı müzakirə olunub”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Qeyd edilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair danışıqların gedişinə xüsusi diqqət yetirilib.

 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb.

Mənbə

Share: