Ömrü cəmi 70 il olsa da, SSRİ dövləti tarixdə zəngin hadisələrlə yadda qalıb. Bu hadisələr sırasında bolşevik hərəkatı, repressiyalar, “böyük təmizlik”, saxta və şişirdilmiş rəqəmlər, mifə çevrilmiş simaların ifşası, “sülh” adı altında başqalarının ərazilərinə hərbi müdaxilə, korrupsiya tutquları və s. bu kimi hadisələr bu “humanist ölkə” haqqında heç də xoş təəssürat yaratmır. Amma bu qaranlıq məqamlarla yanaşı kommunist rejiminin bayram ovqatlı bir ənənəsi də mövcud olub: çoxsaylı mükafatlar, çoxçeşidli orden və medallar, fəxri adlar, təltiflər…
Sovet dövrünün ən yüksək fəxri dövlət mükafatı “Lenin mükafatı” sayılıb. Dünya proletarlarının rəhbərinin vəfatından sonra Kommunist Partiyası və Xalq Komissarları Soveti (Nazirlər Soveti) 23 iyun 1925-ci ildə “Lenin mükafatı”nın təsis edilməsi ilə bağlı qərar qəbul edib. Əsasnamədə mükafatın Leninin ideyalarına yaxın istiqamətdə elmi fəaliyyətdə fərqlənənlərə verilməsi qeyd edilib. Laureatların müəyyənləşdirilməsi üçün Kommunist Akademiyasında daimi xüsusi komissiya fəaliyyət göstərib. Mükafat il ərzində 5 nəfərə verilib. İlk laureatların arasında tanınmış genetik Nikolay Vavilov, geoloq Vladimir Obruçev, kimyaçı Aleksey Çiçibabin, Leninin nəşini balzamlaşdıran alimlərdən biri, anotom Vladimir Vorobyovun adları yer alıb.
1935-ci ildən “Lenin mükafatı”nın verilməsi dayandırılıb. Rəsmi olaraq bu mükafat ləğv edilməyib. Sadəcə Stalinə təqdim olunan siyahılar elə Stalinin də kabinetində qalıb və heç kim də cürət edib ondan siyahının təsdiq etməsini xahiş etməyib. Bu hal 1939-cu ilə qədər davam edib. Nəhayət, 1939-cu ildə Stalinin 60 illik yubileyi ərəfəsində Xalq Komissarları Soveti yeni təşəbbüslə çıxış edərək “Stalin mükafatı”nın təsis edilməsi təklifini irəli sürüb. “Təvazökar” Stalin bu təklifə “yox” deməyib. Beləliklə, 1939-cu il dekabrın 20-də Xalq Komissarları Soveti Stalin mükafatının təsis edilməsi ilə bağlı rəsmi qərar qəbul edib.
1956-cı ilə qədər “Lenin mükafatı” haqqında heç kim danışmayıb, bu mükafatı yada salan olmayıb. Yalnız Xruşov Stalinin şəxsiyyətə pərəstiş məsələsini qaldırdıqdan sonra “Lenin mükafatı”nın bərpa olunması gündəmə gəlib. Belə ki, “Stalin mükafatı”nın verilməsi dayandırıldıqdan sonra buna təbii zərurət yaranıb.
15 avqust 1956-cı ildə Mərkəzi Komitə və Nazirlər Sovetinin “Lenin mükafatı”nın bərpa olunması ilə bağlı birgə fərmanı çıxıb. 1957-ci ildən başlayaraq mükafat ildə bir dəfə Leninin ad günündə, aprelin 22-də laureatlara təqdim edilib. 1967-ci ildən isə “Lenin mükafatı” iki ildə bir dəfə, cütrəqəmli illərdə öz sahiblərinə təqdim edilib.
Laureatlara xüsusi diplom, Leninin əksi olan qızıl medal və 100 min rubl (1961-ci il pul islahatından sonra 10 min rubl) verilib. Eyni zamanda onlar xüsusi imtiyaz və güzəştlərə də malik olublar.
“Lenin mükafatı” yenidən “dəb”ə mindikdən sonra Stalin mükafatı laureatlarında ciddi narahatlıq yaranıb. Bu mükafat sahibləri makafatın adını daşıyan Stalinə görə arxa planda qalıblar, güzəşt və imtiyazlardan məhrum olunublar. Tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət adamlarının bu narahatlığı Xruşovu narahat etməyib və onların Mərkəzi Komitəyə, Nazirlər Sovetinə çoxsaylı müraciətləri nəticəsiz qalıb.
Nəhayət, bu məsələ Leonid Brejnevin hakimiyyəti dövründə, 1966-cı ildə öz həllini tapıb. 9 sentyabr 1966-cı il Mərkəzi Komitə və Nazirlər Sovetinin 739 nömrəli qərarı ilə SSRİ dövlət mükafatı təsis edilib. Mükafatın verilməsi ilə bağlı Nazirlər Sovetində xüsusi komitə fəaliyyət göstərib. Mükafatın əsasnaməsinə görə Stalin mükafatı laureatları könüllü olaraq Stalinin adını daşıyan mükafatlarını “Dövlət mükafatı” ilə dəyişə biliblər. Prosedur çox sadə olub. Onlar köhnə sənədlərini mükafat komitəsinə təqdim ediblər, əvəzində “Dövlət makafatı”nı alıblar. Bu mükafata görə laureatlara “Lenin mükafatı” laureatlarına verilən pulun yarısı verilib – 5 min rubl.
Konkret hər hansı bir xidmətinə görə “Lenin mükafatı”na təqdim olunanların eyni zamanda “Dövlət mükafatı”na təqdim edilməsinə icazə verilməyib.
1991-ci ilə qədər “Lenin mükafatı” ölkənin ən yüksək fəxri adı kimi öz statusunu saxlayıb.
“Lenin mükafatı”na layiq görülənlərin adları “Pravda” və “İzvestiya” qəzetlərinin birinci səhifəsində verilib, onların şəkilləri, tərcümeyi-halları, fəaliyyət sahələri və xüsusi xidmətləri ictimaiyyətin diqqətinə çatdırılıb.
Müdafiə sənayesi və hərbi sahədə xüsusi xidmətlərinə görə “Lenin mükafatı”na layiq görülənlərin adı məxfi saxlanılıb, onlar haqqında fərmanlar hətta xəbərlər proqramlarında da səsləndirilməyib.
Sonuncu dəfə “Lenin mükafatı” 22 aprel 1991-ci ildə verilib.
SSRİ-nin ən yüksək fəxri mükafatı olan “Lenin mükafatı”nın ən yüksək vəzifəli laureatı isə Leonid Brejnev olub. Məlum olduğu kimi, Leonid Brejnev baş katib, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Sovet İttifaqı marşalı olmaqla yanaşı, həm də məhsuldar “yazıçı” olub. Məhz bu sahədəki fəaliyyətinə, “müəllif”i olduğu “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaq” kitablarına görə 31 dekabr 1980-ci ildə Kremlin Sverdlovsk zalında baş katibə ədəbiyyat üzrə “Lenin mükafatı” təqdim edilib.
Mükafatı uşaq sevinci ilə qəbul edən Brejnev nitqində aşağıdakı fikirləri də söyləyib: “…Yazıçılıq olduqca çətin, zəhmət tələb edən və məsuliyyətli bir işdir. Mən bunu sonuncu əsərlərimdə (“Kiçik torpaq”, “Dirçəliş”, “Xam torpaq” nəzərdə tutulub) daha çox hiss etdim. Amma sizə bir şeyi də deyim ki, yazdığın əsərə oxucu tələbatını və marağını görəndə, yazdıqların dövlət səviyyəsində qiymətləndiriləndə həmin çətinliklər unudulur. Bu gün mənə təqdim edilən bu ali mükafat mənim bu sahədəki məsuliyyətimi daha da artırır və çalışağam ki, mənə göstərilən bu etimadı bundan sonra da doğrildum…” /Musavat.com/