Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformadan təkcə sadə vətəndaşlar, tanınmış ekspertlər, siyasətçilər, mədəniyyət xadimləri və deputatlar deyil, ölkə liderləri də istifadə edirlər. Prezidentlərin sosial şəbəkə hesablarında edilən paylaşımlar hər zaman geniş izləyici kütləsi tərəfindən maraqla izlənilir.
Bəs, liderlər öz şəxsi hesablarında kimləri izləyirlər?
Modern.az-ın bununla bağlı hazırladığı araşdırma yazısını təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi instaqram hesabında 1 nəfəri – qızı Leyla Əliyevanı izləyir.
Prezidentin tvitter platformasında iki hesabı var, onlardan biri Azərbaycan dilində, digəri ingilis dilindədir. Azərbaycan dilində olan profil Prezidentin ingilis dilində olan hesabını və Prezident Administrasiyanın rəsmi səhifəsini “follow” edir. İngilis dilində olan profil isə yalnız Prezidentin Azərbaycan dilində olan hesabını izləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Instagram” hesabında həyat yoldaşı Əminə Ərdoğanı, lideri olduğu AK partiyanın rəsmi səhifəsini və Türkiyə Prezident Administrasiyasının səhifəsini izləyir.
İnstaqramdan fərqli olaraq Ərdoğan tvitterdə aralarında Türkiyə Böyük Millət Məclisinin deputatları da daxil olmaqla, 104 nəfəri izləyir.
Ermənistanın baş naziri Nikol Paşinyan instaqramda cəmi bir profili izləyir. Qəribə görünsə də, Paşinyanın izlədiyi profil itin adına açılıb.
Tvitter hesabında isə erməni deputatlarını, dünya liderlərini izləyən Nikol Paşinyan, həmçinin havadarı Makronu da “follow” edir. Nikoldan fərqli olaraq Makron onu izləmir.
İran prezidenti İbrahim Rəisinin İnstaqramda 2.8 milyon izləyicisi var. O, İranın ali dini lideri Xomenei başda olmaqla 3 profili “follow” edir.
İbrahim Rəisinin tvitter şirkəti tərəfindən təsdiqlənən profili olmasa da, o, burada yalnız 1 nəfəri – Xomeneini izləyir.
Rusiya lideri Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko hələ də sosial şəbəkələrə qoşulmayıblar.
Onlardan fərqli olaraq Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə platformalarında aktivdir. Zelenksi demək olar ki, bütün sosial şəbəkə platformalarından yararlanır. Belə ki, feysbuk, instaqram, teleqram, tvitterdə müntəzəm paylaşımlar edir.
Zelenski tvitter mikrobloqunda yalnız bir nəfəri – həyat yoldaşı Yelena Zelenskayanı izləyir. İnstaqramda 174 profili izləməyə alan Zelenskinin “follow” siyahısı rəngarəndir. Bir sıra Avropa prezidentlərilə yanaşı, dünyaca məşhur ulduzları da burada görmək mümkündür: Lady Gaga, Justin Timberlake, Monika Belluçi, Madonna, Ronalda və s.
Gürcüstanın xanım Prezidenti Salome Zurabişvili də sosial şəbəkə fəalları sırasındadır. O, instaqram hesabında Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı da izləyir.
Mərkəzi Asiya ölkələrinin liderlərin sosial şəbəkə hesablarına nəzər yetirək.
Qırğızıstan dövlət başçısı Sadır Japarov və Kasım-Jomart Tokayev instaqramda heç kimi izləmirlər. Keçmiş türkmənbaşı Qurbanqulu Berduməhəmmədov yalnız prezident oğlunu, Sərdar Berdumuhəmmdov da atasını “follow” edir. Özbək prezidenti Şavkat Mirziyovev sosial şəbəkə hesablarında nazirliklərin rəsmi səhifələrini izləyir. O, heç bir şəxsi profili “follow” siyahısına daxil etməyib.
Tvitterdə 27 milyon izləyicisi olan ABŞ prezidenti Co Bayden 12 profili izləyir: həyat yoldaşını, Ağ evin rəsmi səhifəsini, sözçüsü Karineni və s.
Onun “Potus”, “Joebiden” adlı iki instaqram hesabı olan Ağ ev rəhbəri demək olar ki, hər gün paylaşımlar edir, hekayə bölümlərini yeniləyir. Bayden ümmilikdə 5 profili izləyir.
Erməni fanatiki, Fransa Prezidenti Emmanuel Makron daha çox tvitterdə aktivlik nümayiş etdirir. Paşinyanın “follow”unu qarşılıqsız qoyan Makron nə az nə çox, 719 nəfəri izləyir.
“Instagram”da 3 milyon izləyicisi olan fransız prezident 129 profili “follow” edir.
Birləşmiş Krallığın yeni baş naziri Rişi Sunakın 700 mindən çox “follower”i var. O, özü isə 182 nəfəri izləmə siyahısına alıb. Sunakın izlədiyi şəxslər arasında sıravi vətəndaşlar və maraqlı paylaşımlar edən səhifələr çoxluq təşkil edir.
Hazırladı: Elmar Hüseynov