
Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.
Millətin Səsi.az xəbər verir ki, açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.
“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”-, məlumatda bildirilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilib. Yeni qaydalara əsasən, qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi bildirilmişdi. Əvvəlki illərdə isə 4, 5, 6 və 7-ci siniflərdən şagirdlər lisey və gimnaziyalara qəbul olub, tədris ilini davam etdirə bilirdilər.