General Xəlifə Haftarın silahlı qüvvələrinin ölkənin cənubunda yerləşən Həmada-Zaviyə neft kəmərini bağlamasından sonra Liviyada ən zəngin neft yatağında hasilat dayandırılıb.
Bloomberg telekanalı xəbər verir ki, Liviyada neft hasilatı gündəlik 72 min barrel aşağı salınıb. Ölkənin Milli Neft Korporasiyası bəyan edib ki, indi cəmi 1,2 milyon barrel xam neft hasil edən yataqların bağlanılması sosial-iqtisadi gərginliyi daha da artıra bilər. 2011-ci ilin avqustundan bəri ən aşağı göstərici olan bu rəqəm yaxın günlərdə daha da azalacaq. Hasilat hazırda Liviyanın Vafa və Şarara neft yataqlarında (300 min barrel) davam edir. Xəlifə Haftarın nəzarətində olan ərazilərdə beynəlxalq neft kontraktları üzrə nəqlin həyata keçirilməsi də dayandırılıb. Qeyd olunur ki, bu addımın atılmasında əsas məqsəd BMT tərəfindən tanınmış Liviya hökumətinin Tripoli bankındakı hesablarına daxil olan neft gəlirlərinin qarşısının alınmasıdır.
Analitiklər qeyd edirlər ki, Berlində Liviya münaqişəsinin nizamlanmasına dair keçirilən danışıqların da nəticəsiz qalması yaxın günlərdə bu ölkədə neft hasilatının daha çox azalacağını göstərir. Bu, dünya bazarında da qiymətlərin yüksəlməsinə səbəb olub.