Londonda cinayət faktı Bakıdan 10 dəfə çoxdur

Londonda cinayət faktı Bakıdan 10 dəfə çoxdur

Böyük Britaniya XİN də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədə uyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu İngiltərə Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı yaydığı əssassız bəyanata münasibət bildirərkən deyib. O bildirib ki, bu cür kampaniyalar qərəzlidir və heç bir əsası yoxdur:

“Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir. Düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Antiazərbaycançı qüvvələrin dəst-xətti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu və ya digər qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayırlar.

Məsələn, Londonla Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsalanaraq müqayisə etməyə çalışsaq, görəcəyik ki, vəziyyət heç də Böyük Briyaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir. Bu ölkənin paytaxtında baş verən cinayətlərin sayı – hər min nəfərə düşən rəqəmlərə görə – Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır.

London polisinin rəsmi internet səhifəsində qeyd edilib ki, Londonda 2017-ci ildə 824.704 cinayət faktı qeydə alınıb, onların da 225.247-si oğurluqla bağlı cinayətdir. Bakıda isə bu göstərici 7.898 təşkil edir. Bununla yanaşı, Londonda 175.348 dələduzluq, 103.918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3.856 dələduzluq, 1.753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib”.

Ölkəmizə gələn turistlərin qarşılaşdığı kriminal vəziyyətlərlə bağlı statistika aparılmasını təklif edən deputat həmin göstəricilərin çox aşağı olcağını əminliklə söyləyib:

“Heç şübhəsiz ki, idman yarışlarına gələn azarkeşlərin təhlükəsizliyi tam şəkildə qorunacaq. Biz bilirik ki, davranışlarına görə ən mədəni azarkeşlər sırasında Azərbaycan azarkeşləri yer alır. Lakin ən aqressiv azarkeşlər dedikdə ağıla ilk ingilislər gəlir. Dəfələrlə bir çox kütləvi yarışlarda onların aqressivliklərinin şahidi olmuşuq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir”.

H.Babaoğlunun sözlərinə görə, məsələnin hüquqi kontekstdə qiymətləndirilməsinə gəldikdə burada da heç bir problem yoxdur:

“Arsenal” klubunun oyunçusu, erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və təhlükəsizliyinin yüksək təminatı ilə bağlı bəyanat da verilib. Çünki o, Azərbaycana idmançı kimi gəlir.

O cümlədən, hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi burada maddi baxımından hüquqların məhdudlaşdırılmasından söhbət belə gedə bilməz.

Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Düşünürəm ki, bəyanat korrektə olmalıdır ki, bu, Böyük Britaniya və Azərbaycan dostluğuna xələl gətirməsin. Ümid edirik ki, bizim tərəfdaşlarımız da, dost ölkələr də növbəti belə məqamlarda daha diqqətli olacaqlar”.

Qeyd edək ki, mayın 29-da Avropa Liqasının finalı Bakıda keçiriləcək. Böyük Britaniya XİN Azərbaycana Avropa Liqası finalını izləmək üçün gələn vətəndaşlarına xəbərdarlıq edərək, Bakıda terakt təhlükəsinin olmasını, cinayətkarlıqla mübarizənin səviyyəsinin çox aşağı olmasını və insanların soyğuna məruz qala biləcəyini iddia edib.

Share: