“Məmə yeyəndən pəpə deyənə kimi hamı Laçın yoluna getməlidir”

 

Üç gündür ki, QHT nümayəndələri, jurnalistlər, könüllülər və ictimai fəallar Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirir.

Onlar Azərbaycan ekoloqlarının Qarabağın dağlıq hissəsində qanunsuz istismar olunan qızıl və mis yataqlarında monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.

Artıq bütün dünyaya səs salan etiraz aksiyasına Azərbaycanın hər yerindən qoşulmaq istəyənlər var.

Sənətçilər də aksiya ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.
Xalq artisti, tarzın Elçin Həşimov deyib ki, aksiyada hər birimiz iştirak etməliyik:

“Erməni separatçıları illərdi bizim torpaqlarımızda ekoloji soyğunçuluq edirlər. Sülhməramlıların azərbaycanıları öz torpaqlarına buraxmaması isə özbaşınalıqdır. Biz haqlı olaraq narazıyıq. Ədalət öz yerini tapacaq, Azərbaycan xalqı yenə uğur qazanacaq”.
Bəstəkar Cavanşir Quliyev söyləyib ki, çox istəsə də, akiyada iştirak etmək şansı yoxdur:

“Çünki hər gün işə gedirəm. Amma bütün qəlbimlə aksiyanı dəstəkləyirəm. Xalqımız öz torpaqlarına buraxılmır, amma orda separatçılar rahat gəzir. Bu çox absurddur. Düşünürəm ki, bu aksiyanın sonu da Azərbaycanın növbəti uğuru ilə sonlanacaq”.
Rejissor Əbdül Mahmudov deyib ki, kimin ayağı yer tutursa, aksiyada iştirak etməlidir:

“Məmə yeyəndən, pəpə deyənə kimi hamı Şuşaya – o aksiyaya getməlidir. Bu xalqa, millətə kömək etmək istəyən hər kəs dəstək olmalıdır. O aksiyada 100 minlərlə şəxs iştirak etməlidir. Xalqımız əlində bayraq Şuşadan Xankəndiyə enməlidir, vətəndaşlarımız bunu bacaracaq. Heç bir erməni və rus bizə güllə atmağa cəsarət edə bilməz. Aləmi illərdi qatan ruslardı, nə vaxtdan sülhməramlı olublar?”.
Xalq artisti Mənsum İbrahimov deyib ki, sülhməramlıların özbaşınalığına son qoyulmalıdır:

“Şuşaya tez-tez gedib-gəlirik. Amma aksiya ilə bağlı hər hansı çağırış olarsa da, getməyə hazırıq. Hər birimizin qəlbi bu dəqiqə Şuşada, o postda döyünür. Aksiyanı izləyirəm, ordakı dostlarla əlaqə saxlayıram. Qarabağ bizim üçün müqəddəsdir, orada şəhidlər vermişik. İcazə verə bilmərik ki, hansısa millət oarda at oynatsın. Tezliklə bayrağımızı Xankəndidə, Xocalıda dalğalanacaq”.

Mənbə

Share: