Məmmədyarov Polşanın yeni səfiri ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, E.Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər. Həmçinin tərəflər əməkdaşlığın humanitar aspektlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə daxil olmaqla həyata keçirilən mübadilə və görüşləri qeyd ediblər. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkənin Prezidentləri arasında səmimi və səmərəli görüş keçirildiyini və iki ölkə arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulanıb.

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

Share: