Qüdrət Həsənquliyev: “Milli Məclis Vergilər Məcəlləsinə Konstitusiyaya zidd normalar daxil etməklə öz səlahiyyətlərini Nazirlər Kabinetinə verə bilməz”
Moderator.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında Nazirlər Kabinetinin qərarı ilə ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin 15%-lik idxal gömrük rüsumundan azad olunmasına münasibət bildirib.
BAXCP sədri qeyd edib ki, qərar xoş niyyətlə, təmiz ətraf mühitin yaradılması məqsədilə qəbul olunub: “Amma əvvəllər də dəfələrlə məsələ qaldırmışam ki, Konstitusiyanın 94-cü maddəsinin 15-ci bəndinə görə, “maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər” barədə Milli Məclis qanunlar qəbul etməlidir. Milli Məclis Vergilər Məcəlləsinə Konstitusiyaya zidd normalar daxil etməklə öz səlahiyyətlərini Nazirlər Kabinetinə verə bilməz. Konstitusiyanın Nazirlər Kabinetinin səlahiyyətlərini müəyyən edən 119-cu maddəsində də Nazirlər Kabinetinə belə bir hüquq tanınmır.
Mən bunun qəti əleyhinəyəm. Hazırda bir çox sosial problemlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası üşün dövlətin maliyyə vəsaitlərinə böyük ehtiyacı var. Bu həm də sosial ədalət baxımından doğru deyil. Özünə xarici ölkədən bir telefon alan şəxs rüsum ödəyirsə, niyə dəyəri on minlərlə manat olan avtomobili alan şəxs rüsum ödəməsin. Sadəcə, 5 ildən artıq istifadə olunmuş avtomobillərin, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin idxal rüsumu əhəmiyyətli dərəcədə artırılmalıdır ki, onların ölkəyə gətirilməsi sərfəli olmasın. Onsuz da vergi və gömrük rüsumu üzrə dövlət büdcəsinə hesablanmayan azadolmalar 2023-cü ildə 545,5 milyon manat artaraq 7 milyard 823 milyona çatacaq. Gəlirləri 31 milyard manata çatmayan dövlət büdcəsi üçün bu olduqca böyük rəqəmdir. Həm də bu güzəştlərin böyük bir hissəsi böyük şirkətlərə edilir. Ümumiyyətlə, bu barədə ictimaiyyətə və Milli Məclisə dəqiqləşdirilmiş siyahı təqdim olunsaydı daha doğru olardı.
Mən hələ uzun müddət öncə hökuməti çağırırdım ki, Naxçıvanı minik elektomobilləri, Gəncəni isə yük avtomobilləri istehsal edən mərkəzə çevirmək lazımdır. Sərnişin daşınması üçün elektrik mühərrikli, yaxud ətraf mühiti az çirkləndirən müasir avtobusların alınması üçün sahibkarlara güzəştli şərtlərlə kreditlər ayrılsın. Təəssüf ki, bu istiqamətdə addımlar atılmadı və atılmır. Bakının relyefini və iqlimini nəzərə alaraq elektrik mühərrikli velosipedlər, sukuterlər istehsal etməliyik. Onların kütləvi informasiya vasitələrində geniş təbliğatı aparılmalı, bu məqsədlə yollar salınmalıdır. Bakıda yeni metro xətləri ilə yanaşı, 100-ə qədər yeni metro stansiyası tikilməlidir. Bakının mərkəzini Milli Olimpiya stadionu, hava limanı, Bakı kəndləri ilə birləşdirən tramvay xətləri çəkilməli, bu işə xarici investorlar cəlb olunmalıdır. Təəssüf ki, hökumət bu sahəyə xarici investorların cəlb olunmasında, sərnişin daşınmasının və digər sahələrin idarəolunmasının xarici şirkətlərə tapşırılmasında hələ ki, maraqlı deyil”.